Bakı. Humay Ağacanova - Trend:
Sosial şəbəkələrdə repetitorluqla məşğul olan müəllimlərin gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğin 20 faizini vergi kimi ödəyəcəkləri barədə məlumatlar yayılıb.
Mövzu ilə əlaqədar Trend-in sorğusunu cavablandıran Vergilər Xidmətinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov repetitor fəaliyyəti göstərənlərin hər zaman vergiyə cəlb olunduqlarını bildirib:
“Qanunvercilikdə heç bir yeni bir dəyişiklik yoxdur. Sahibkarlıq fəaliyyəti göstərən hər bir şəxs vergiyə cəlb olunur.Əgər kurs açılıbsa, məktəbdən kənar fəaliyyət göstərilirsə, dövlətə vergi ödənməlidir”
Qeyd edək ki, repetitorluq xidmətinin göstərilməsi üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda (böyük əksəriyyət məhz bu metoddan istifadə edir) həmin fəaliyyət üzrə əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Əgər sahibkar fəaliyyətini gəlir vergisinin ödəyicisi kimi həyata keçirirsə, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır. Lakin bu zaman mikrosahibkar olaraq həmin şəxslər (repetitorlar bir qayda olaraq mikrosahibkarlardır) 75 faiz vergi güzəştinə malikdirlər. Bu halda onlar güzəşti nəzərə almaqla nəticə etibarilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəyirlər. Beləliklə, repetitorlar ya 2 faizlik sadələşmiş vergi, ya da 5 faizlik gəlir vergisinin ödəyiciləridir.