Bakı. Trend:
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Vətən müharibəsi şəhidi baş leytenant Teymur Məcidzadənin xatirəsi anılıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, anım mərasimində şəhidin ailə üzvləri, dostları, hərbçi yoldaşları, Füzüli və Nizami rayon İcra Hakimiyyətinin, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Çıxışlar zamanı baş leytenant T. Məcidzadənin həyatından, Vətənə sevgisindən, keçdiyi xidmət və döyüş yolundan söz açılıb. Şəhidin həyat yoluna həsr olunmuş videoçarx nümayiş olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.