Bakı. Humay Ağacanova -Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə nəticəsində tutulmayan və sonradan yaranan vakant yerlər üzrə əlavə müsahibə mərhələsi keçirilir.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, mövcud vakant yerlər əsasən Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu və Suraxanı rayonlarında yerləşən ümumi təhsil müəssisələrini əhatə edir.
Müsabiqənin test mərhələsində 25 baldan yuxarı nəticə göstərən və birinci müsahibə mərhələsində iştirak etməyən 96 nəfər namizəd (təlim-tərbiyə işləri üzrə direktor müavini 72 nəfər, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı 24 nəfər) əlavə müsahibə mərhələsinə dəvət olunub.
Namizədlərlə əlaqə saxlanılaraq müsahibələrin keçirilmə vaxtı və yeri, həmçinin müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı barədə məlumat verilir.
Qeyd edək ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqənin ilkin nəticələrinə əsasən, 77 nəfər müvafiq vəzifələrə təyin olunub.