...

Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi

Cəmiyyət Materials 25 Oktyabr 2021 17:30 (UTC +04:00)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi

Trend-i buradan izləyin

Bakı. Trend:

KİV-də “Nüfuzlu sığorta şirkətinə qarşı mediada qarayaxma kampaniyasına başlanılıb (R)” sərlövhəli yazı qərəzlidir və həqiqəti əks etdirmir.

Bu barədə Press Revyu İnformasiya Monitorinq Agentliyindən Trend-ə edilən müraciətdə bildirilib.

Müraciətdə deyilir:

"Biz həm Qala sığorta şirkətlər qurupuna, həm məhkəməyə, həm də mediaya müraciət edərkən, malik olduğumuz faktlara və sübutlara istinad edirik.

Press Revyu İnformasiya Monitorinq Agentliyi rəsmən bildirir ki, 17 yanvar 2018-ci il tarixindən “Qala Həyat” və “Qala” Sığorta şirkətlərinə media monitorinq xidməti göstərib. Media monitorinq xidmətini hər iki sığorta şirkətinin nümayəndəsi sifariş verib. Belə ki, 2018-ci ilin yanvar ayının əvvəlindən agentliyin nümayəndəsi ilə hər iki Sığorta Şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi “Qala” Sığorta və “Qala Həyat” Sığorta şirkətlərinə Media Monitoring xidmətinin göstərilməsinə dair danışıq və müzakirələr aparıb.

Xidmətin göstərilmə şərtlərinə dair razılıq əldə edildikdən sonra, e-mail vasitəsilə 18 yanvar 2018-ci il tarixdə müqavilənin elektron variantı qarşı tərəfə göndərilib. 31 yanvar 2018-ci il tarixində “Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanından Press Revyu Agentliyinə 2 dəfə müraciət olunaraq, xidməti həmçinin Sığorta Şirkətlərinin rəhbərliyi də daxil olmaqla 7 nəfərə göndərilməsi xahiş edilib. 2 aprel 2018-ci il tarixində, yenə də “Qala Həyat” sığorta şirkətinin rəsmi e-mail ünvanı üzərindən agentliyə müraciət edilərək, rəhbərliyə aid olan 3 nəfərə xidmətin çatdırılmasında çətinlik yarandığı haqda məlumat verilib. Problem dərhal həll olunub, xidmət göndərilməkdə davam edib.

2021-ci ilin əvvəlində “Qala” Sığorta qrupunun 36 ay istifadə etdiyi xidmət haqqının ödəmədiyi məlum olub. Press Revyu Agentliyi yaranmış problemlə bağlı hər iki sığorta şirkətinin rəhbərliyinə müraciət etsə də, problem öz həllini tapmayıb. Onlar xidmətin göstərildiyini etiraf etsələr də, xidmət haqqının ödənilməsinin mümkünsüz olduğunu bildiriblər. Belə ki, sözügedən sığorta şirkətlərinin adından yalnız İdarə Heyətinin sədrlərinin danışmaq və müqaviləni imzalamaq səlahiyyətinin olduğunu bildiriblər. Qeyd edək ki, əməkdaşlığa başlamaqla bağlı aparılan yazılı danışıqlar barədə hər iki sığorta şirkətinin rəhbərliyinin məlumatı olub. Belə ki, e-mail vasitəsilə aparılan yazışmaların surəti həmçinin rəhbərliyə e-mail vasitəsilə göndərilib və bütün bunların arxivi agentliyin bazasında indi də qalır.

Xidmətin sifariş olunduğu və onun 36 ay ərzində hər iki sığorta şirkətinə gündəlik göstərildiyinə dair bütün sübutlar Məhkəməyə təqdim edilib. Sığorta Şirkətlərinə xidmətin göstərildiyi sübut olunmaqla yanaşı, hər iki sığorta şirkətinin agentliyin təqdim etdiyi hesabatlardan öz reklam məqsədləri üçün mediada istifadə etdikləri də üzə çıxıb.

Rəsmən bildiririk ki, Qala Sığorta qrupu razılıq verdiyi təqdirdə, aparılan danışıqların və yazışmaların arxivini və xidmətdən istifadə etmiş şəxslərin adlarını və vəzifələrini ictimailəşdirməyə hazırıq. Biz həmçinin Qala Sığorta qrupunun mətbuata verdiyi açıqlamalarında qeyri-etik ifadələrdən istifadə etdiklərinə görə təəssüflənirik”.

Xatırladaq ki, daha əvvəl “Qala” və “Qala Həyat” Sığorta Şirkətləri Press Revyu İnformasiya Monitorinq Agentliyinin mediada dərc olunan iddialarının əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bəyan etmişdi. Bildirilmişdi ki, sözgedən agentlik Şirkətlərin xidmət haqqını ödəməkdən imtina etməsinə dair əsassız iddiasının məhkəmə tərəfindən təmin olunmadığı üçün KİV vaitəsilə məhkəməyə təzyiq göstərməyə çalışır.

Xəbər lenti

Xəbər lenti