Bakı. Elçin Mehdiyev - Trend:
Bütün dünyanı bürüyən, ölkəmizdə də yayılan koronavirus (COVID-19) pandemiyası şəraitində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, əhalinin sağlamlığının qorunması, sosial-iqtisadi problemlərinin həlli üzrə yeni yanaşmalar müəyyən edilərək tətbiq olunub.
Trend-in məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Ombudsmanın illik məruzəsini təqdim edən zaman deyib.
O qeyd edib ki, pandemiyaya qarşı mübarizə çərçivəsində ictimai səhiyyə, habelə iqtisadi və sosial sahələrdə görülmüş cavab tədbirləri, müalicə və vaksinasiyanın hər kəsə əlçatan olması infeksiyanın yayılmasının qarşısının mümkün qədər alınmasına imkan verib.
“Koronavirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, qabaqlayıcı profilaktik tədbirlərin vaxtında və davamlı olaraq həyata keçirilməsi karantin rejiminin doğurduğu məhdudiyyətlərin getdikcə yumşaldılmasına şərait yaradıb.
Təqdirəlayiq haldır ki, qayğıya ehtiyacı olan sosial qrupların dəstəklənməsinə ünvanlanmış layihələrin icrası dayandırılmamışdır. Belə ki, ölkədə əməkhaqlarının, pensiya və müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması, aztəminatlı ailələrin, xüsusilə sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli addımlar atılmış, ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanmasına təminat yaradılıb”, - deyə o bildirib.