...

Bədii gimnastika üzrə Azərbaycan Çempionatında yeni proqram nümayiş etdirdim - Arzu Cəlilova

Cəmiyyət Materials 17 Mart 2022 21:56 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan Çempionatında yeni proqram nümayiş etdirdim - Arzu Cəlilova

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Azərbaycan çempionatında yeni proqram nümayiş etdirdim.

Bunu Trend-ə yarış başa çatdıqdan sonra azərbaycanlı idmançı Arzu Cəlilova deyib.

"Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı bu il ilk yarışımız oldu. Burada ilk dəfə olaraq yeni proqramlar nümayiş etdirildi. Bəli, bu dəfə hər şey planlaşdırdığımız kimi alınmadı. Ancaq bu, ilk yarışdır və proqramı dəqiqləşdirməyə, elementlər üzərində işləməyə vaxtımız var. Halqa proqramı bu gün mənim üçün ən yaxşısı oldu. Növbəti yarışlarda yaxşı nəticə göstərmək üçün tam gücümlə məşq edəcəyəm", - o bildirib.

Tamaşaçıların çempionatın gedişatını izləmək imkanının olmasından danışan A. Cəlilova əlavə edib ki, azarkeşlərin dəstəyi güc və enerji verir.

İdmançının sözlərinə görə, növbət planlaşdırılan yarışlar Bolqarıstan, Özbəkistan və Azərbaycanda keçiriləcək Dünya Kuboklarının mərhələləri olacaq.

Xatırladaq ki, Azərbaycan çempionatında Arzu Cəlilova halqa ilə hərəkət proqramında qızıl, çoxnövçülükdə və top və lentlə hərəkətlərdə “gümüş”, gürzlə hərəkətdə isə bürünc medal qazanıb.

Martın 16-17-də bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı keçirilib. Yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda mübarizə aparıb.

Çempionatda iki yaş kateqoriyası üzrə gimnastlar fərdi proqramda – “yuniorlar” (2007-2009-cu il təvəllüdlü) və “seniorlar” (2006-cı il təvəllüdlü və daha yuxarı) çıxış ediblər.

Qeyd edək ki, iki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşaldıcı tədbirlər sayəsində tamaşaçılar Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə ediblər. Yaşı 18-dən az olanlar istisna olmaqla, onlardan peyvənd sertifikatı və ya immun sertifikatı, COVID-19-a qarşı peyvənd üçün əks göstəriş sertifikatı tələb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti