...

BSU-da XTQ kapitanı, şəhid Mühüd Orucova həsr olunmuş filmin təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2022 19:33 (UTC +04:00)
BSU-da XTQ kapitanı, şəhid Mühüd Orucova həsr olunmuş filmin təqdimatı olub (FOTO)

Bakı. Trend:

Aprelin 26-da Bakı Slavyan Univeristetində (BSU) Aprel döyüşlərinin 6-cı ildönümü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kapitanı olmuş, şəhid Mühüd Orucovun xatirəsinə həsr olunan “Vətən borcu” adlı filmin təqdimat mərasimi keçirilib.

Tədbirin moderatoru “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə İctimai Birliyin fəaliyyəti, təşkil olunan silsilə tədbirlər haqqında məlumat verib. Bildirib ki, belə tədbirlərin ərsəyə gətirlməsində məqsəd şəhidlərin daşıdığı dəyərləri gənclərə aşılamaqdır.

Sonra sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” ətrafında birləşən qəhrəmanların bütün xalqın həmrəyliyini nümayiş etdirərək, Qarabağı geri qaytardıqlarını, Azərbaycanın qəhrəmanlarına çevrildiklərini bildirib. Rektor ali təhsil ocaqlarında şəhidlərin davamlı olaraq xatırlanmasının əhəmiyyətindən danışıb. Anar Nağıyev bu günlərdə bu ali təhsil müəssisəsinin şəhid məzunu Nicat Şükürlünün xatirəsinə həsr olunan “Nicat yolu” adlı sənədli filmin nümayiş etdirildiyini xatırladıb. O, BSU-da bu səpkidən olan tədbirlərin mütəmadi olaraq təşkil olunduğunu və davamlı olacağını vurğulayıb.

Millət vəkili Ceyhun Məmmədov Zəfərin qazanılmasındakı misilsiz xidmətləri olan hər bir şəhidin bir qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırıb.

Filmin ssenari müəllifi, telejurnalist Afət Telmanqızı şəhidlərin qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmağın hər kəsin mənəvi borcu olduğunu deyib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov universitetlərlə birgə belə layihələrin həyata keçirilməsinin gənclərin vətənpərvər ruhda böyüməsinə öz müsbət təsirini göstərdiyini qeyd edib.

Şəhid Mühüd Orucovun döyüş yoldaşı, Vətən müharibəsi qəhrəmanı, mayor Ağasəmi Şahgəldiyev onunla bağlı xatirələrini bölüşüb.

BSU-nun Magistrantlar Şurasının sədri Əli İsmayılov çıxışında qeyd edib ki, Vətən uğrunda canından keçən hər bir şəhidin ruhu daim dərin ehtiramla yad edilir.

Tədbirin sonunda çıxış edən şəhidin ailə üzvü Elşad Orucov dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb.

Tədbir qəhrəmanlarla bağlı videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti