Bakı. Trend:
Mayın 4-də IDEA İctimai Birliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənclər İqlim Konfransı keçirilib.
IDEA-dan Trend-ə verilən məlumata görə, tədbir zamanı diplomatik korpusun nümayəndələri, ekspertlər və gənc liderlər Böyük Britaniyanın Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP26) nəticələrini nəzərdən keçirib, iqlim böhranı ilə mübarizə yollarını müzakirə ediblər. Həmçinin, konfransda Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə səyləri, qlobal istiləşmə probleminin həllində gənclərin rolu və liderlik perspektivlərinə dair təqdimatlar edilib və fikir mübadiləsi aparılıb.
Qeyd edilməlidir ki, 2021-ci ildə keçirilmiş COP26 İqlim
Konfransında dünya ictimaiyyəti tərəfindən istixana emissiyalarının
azaldılması və qlobal istiləşmə ilə mübarizənin maliyyələşdirilməsi
kimi mühüm məsələlər üzrə bir sıra öhdəliklər götürülmüşdür.
Tədbirin ev sahibi kimi Böyük Britaniya bir sıra ambisiyalı iqlim
öhdəlikləri qəbul etdiyini elan etmiş və dünya ölkələrinin iqlim
dəyişmələri ilə mübarizədə səylərini birləşdirmək üçün bir neçə
qlobal iqlim təşəbbüslərini irəli sürmüşdür. Azərbaycan Gənclər
İqlim Konfransı Yer Günü 2022-yə həsr olunub. Tədbirin əsas məqsədi
qlobal səviyyədə iqlim böhranı ilə mübarizə yolları haqqında
gənclərin məlumalılığını artırmaq və bu məsələdə onların fəallığını
artırmaqdan ibarətdir.
Hər il aprelin 22-də ətraf mühitin mühafizəsinə dəstək nümayiş
etdirmək məqsədilə təşkil edilən Yer Günü 2022-ci ildə “Planetimizə
investisiya edək” şüarı altında keçirilib.