...

BSU-da Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib (FOTO)

Cəmiyyət Materials 14 İyun 2022 18:12 (UTC +04:00)

Bakı. Trend:

İyunun 14-də Bakı Slavyan Universitetində (BSU) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdən əvvəl BSU kollektivi Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə çiçəklər qoyulub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bildirib ki, bugünkü müasir, güclü, azad Azərbaycanın vətəndaşları olaraq hamımız Ulu öndəri minnətdarlıq hissi ilə həmişə yad edirik. O, Azərbaycan tarixi qarşısında Ümummilli liderin müstəsna, əvəzolunmaz rolundan söz açıb. Müstəqil Azərbaycanın həyatında 15 iyun tarixinin önəmini qeyd edib. "Heç də təsadüfi deyil ki, bizim tariximizə bu gün Azərbaycan xalqının, dövlətinin, dövlətçiliyinin qurtuluş günü kimi daxil olub. Çünki məhz Heydər Əliyevin xalqın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtması, Azərbaycan dövlətinə rəhbərlik etməsi Azərbaycanın növbəti illər üçün həyatını, müqəddəratını müəyyən etdi"- deyə, o, vurğulayıb.

Rektor XX əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən regiondakı və ölkədəki ictimai-siyasi vəziyyətə diqqət çəkərək, çətin, gərgin dönəmlər yaşandığını bildirib. Həmin dövrdə regionda bir çox xalqlar üçün keçid dövrü olduğunu deyən Anar Nağıyev nəzərə çatdırıb ki, heç də bütün xalqlar bu dövrdən keçə bilmədilər, onlar bu dövrdən keçməkdə çətinlik çəkdilər. O xalqlar bu dövrdən keçə bildilər ki, onların arxasınca gedə biləcəkləri bir liderləri var idi. Azərbaycan xalqının da bəxti onda gətirmişdi ki, məhz belə bir çətin zamanda - dövlət və dövlətçiliyin çətin zamanında onun Heydər Əliyev kimi bir lideri var idi. Heydər Əliyevin yüksək idarəçilik səriştəsi, həmçinin Vətənini, torpağını sevən dövlət adamı olduğunu xatırladan rektor, Ulu öndərin böyük idarəetmə təcrübəsi ilə yanaşı, həm beynəlxalq səviyyədə tanınmış dövlət xadimi, həm də öz tarixinə, ənənəsinə bağlı bir lider olduğunu qeyd edib. Müstəqil müasir Azərbaycan dövlətinin qurulmasında və formalaşmasında Ümummilli liderin aparıcı rol oynadığını deyən rektor bu gün Azərbaycanın qalib dövlət olduğunu deyib və bildirib ki, bu dövlətin vətəndaşları olaraq fəxr edirik ki, Heydər Əliyev kimi dahi lider ölkəmizi inkişaf yoluna çıxarıb.

O, bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq, Azərbaycan artıq elə bil dövlətə çevrilib ki, regionda Azərbaycanın söz sahibliyi mütləqdir. Məhz həmin uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycanın razılığı olmadan regionda beynəlxalq layihələrin həyata keçirilməsi mümkün deyil.

Müzəffər Ali Baş Komandan, Prezident Ilham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından azad etdiyini bildirən Anar Nağıyev deyib ki, məhz həmin uzaqgörən siyasət nəticəsində ölkəmiz bu gün böyük beynəlxalq təşkilatlara, Qoşulmama Hərəkatına sədrlik edir. O, qeyd edib ki, 30 il tarix üçün kiçik dövrdür. Lakin Azərbaycanın 30 ilə əldə etdiyi uğurlar yüzilliklərə bərabər dövr kimi yadda qalıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında uzun yüzilliklərdən sonra ilk dəfə işğalda olan ərazilərimiz geri qaytarılıb.

13 iyunda BSU-nun yeni formatda formalaşmasının 22-ci ilinin tamam olduğunu deyən rektor 76 illik tədqiqat, akademik tarix və təcrübəyə malik tədris müəssisəsinin profilinin genişləndirilərək fəaliyyət göstərməsinin Ümummilli liderin fəaliyyətinin, uzaqgörən müdrik qərarının nəticəsi olduğuna diqqət çəkib. Anar Nağıyev vurğulayıb ki, biz gələcəyin yüksək ixtisaslı kadrlarını hazırlayan təhsil müəssisəsi olaraq, Ümummilli liderin Azərbaycan xalqının inkişafı naminə həyata keçirdiyi fədakar fəaliyyətini hər zaman minnətdarlıq hissi ilə xatırlayaraq yad edirik.

Sonra Ulu öndərə həsr olunmuş filmin nümayişi olub.

Tədbirdə Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Sevda Axundova “Ümumilli lider Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin banisi” , Beynəlxalq münasibətlər kafedrasının dosenti Zümrüd Məlikova “Azərbaycan Cənubi Qafqaz regionunun hərbi - texnoloji lideridir”, Beynəlxalq münasibətlər kafedrasının dosenti Nərgiz Nağıyeva “15 iyun və Cənubi Qafqazda yeni geosiyasi mühitin formalaşması” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdən sonra BSU ETLL-nın rəhbəri Sadir Məmmədov, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov, Diplomatiya v ə xarici siyasət kafedrasının müdiri dosent Əsgər Əhməd çıxış edərək, bu günün tarixi əhəmiyyətindən, Ümummilli liderin zəngin həyat yolu və çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıblar.

Dəyirmi masa geniş və maraqlı müzakirələrlə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti