...

BSU-da Horizone Europe məlumatlandırma günü təşkil olunub

Cəmiyyət Materials 6 İyul 2022 18:48 (UTC +04:00)
BSU-da Horizone Europe məlumatlandırma günü təşkil olunub

Bakı. Trend:

İyulun 6-da Bakı Slavyan Universitetində (BSU) Horizone Europe-un məlumatlandırma günü təşkil olunub.

Tədbirdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Pedaqoji Univerisitetinin (ADPU) və BSU-nun ümumilikdə 60-dan çox əməkdaşı iştirak edib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev hazırda ali təhsil müəssisələrində tədqiqatların inkişaf etdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən davamlı dəstəyin olduğunu, Avropa İttifaqının tədqiqatın dəstəklənməsi istiqamətində olan fərqli mexanizmlər üzrə tədqiqatçıların həm fərdi, həm də birgə maliyyə mexanizmlərinə müraciət etmələri üçün geniş imkanların mövcud olduğunu deyib.

Rektor BSU-nun bu tədbirin təşkili ilə ali təhsil müəssisələri arasında ortaq elmi-akademik mübadilə və müzakirələrə imkan yaratdığını deyib. O, bu tədbirin aktiv elmi tədqiqatlarda öz sözünü demiş tədqiqatçıların digər əməkdaşlarla tanışlıq və əlaqə üçün effektiv rol oynacağına inamını ifadə edib. Anar Nağıyev BSU-da belə tədbir və infossesiyaların davamlı şəkildə keçiriləcəyini vurğulayıb.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli tədqiqat sahəsinin bu gün üçün dünyada ən vacib sahələrdən biri olduğunu bildirib. O, həmçinin bu istiqamət üzrə görülməli olan işlərdən danışıb. Nicat Məmmədli beynəlxalq layihələrdə iştirakın əhəmiyyətindən söz açaraq, Horizone Europe-un universitetlər, həmçinin tədqiqatçılar üçün yaratdığı imkanlara diqqət çəkib.

Sonra tədbirdə Horizon Europe proqramı, onun strukturu və mümkün maliyyələşdirmə imkanları haqqında ətraflı məlumat təqdim olunub.

Məlumatlandırma günündə Esmira Əlirzayeva “Milli Əlaqələndiricilər Şəbəkəsi”, Tofiq Babayev “Horizon Europe üzrə perspektivlər”, İlham Hümbətov “COST Action üzrə imkanlar”, Nicat Məmmədli “Marie Skłodowska-Curie Action üzrə imkanlar”, Elşən Əhmədov “İnkluziv cəmiyyət istiqaməti üzrə çağırışlar”, Elmar Rəsulov “Mədəniyyət və yaradıcılıq istiqaməti üzrə çağırışlar|”, Fərid Seyfullayev “Ərzaq, bioiqtisadiyyat, təbii ehtiyatlar, kənd təsərrüfatı və ətraf mühit klasteri üzrə çağırışlar” mövzularında məruzə və təqdimatlarla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti