Bakı. Trend:
Trend Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılovanın müsahibəsini təqdim edir.
- Günay xanım, payıza doğru virusa yoluxma sayında artım müşahidə oluna bilərmi?
- Son zamanlar qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da
koronavirus infeksiyasının yoluxma sayında artım müşahidə olunur.
Buna səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan
qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin
zəifləməsi ola bilər.
Unutmayaq ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir.
Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə
səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm
zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır. Payız aylarında
tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə
havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan
daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni
dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına
bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq
ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda
yüksəlməsi istisna deyil.
- Kəskin respirator infeksiyaların koronovirusla fərqi nədədir?
- Koronavirus qripin və əksər hallarda zökəmin törədicisi
viruslardır. Bu xəstəliklərin hər üçünün simptomları oxşar olsa da,
onları bir-birindən ayırmaq mümkündür. Həm koronaviruslu
xəstələrdə, həm də kəskin respirator infeksiyalara yoluxmuş
xəstələrdə ümumi zəiflik, bədən hərarətinin yüksəlməsi, boğaz
ağrısı, öskürək müşahidə olunur. Amma COVID-19 xəstəliyin ilkin
mərhələsində kəskin respirator infeksiyalara yoluxduqda görünməyən
bəzi simptomlar müşahidə oluna bilər: qoxu və dad itkisi, ayaqların
aşağı hissəsində səpkilər. Bu şikayətlər bütün COVID -19
infeksiyasına yoluxmuş insanlarda müşahidə olunmur. Ona görə də bu
əlamətlərin olmaması COVID-19 diaqnozunu inkar etmir.
Qrip də simptomlara görə koronavirusa bənzəyir. Amma bəzi fərqlər
də var. Belə ki, qrip xəstənin vəziyyətinin kəskin pisləşməsi ilə
xarakterizə olunur, COVID-19 zamanı isə simptomların şiddəti
tədricən artır.
Bütün bu deyilənlərə baxmayaraq, xəstəliyi müəyyən etmək üçün
xüsusi laboratoriya müayinələri aparmaq çox vacibdir.
- Yanaşı xəstəlikləri olan şəxslər özlərini virusdan necə qoruya bilər?
- Məlumdur ki, koronavirus infeksiyası ağırlığına görə müxtəlif
formalarda keçə bilər: asimptomatikdən çox ağır dərəcəyə qədər
irəliləyə bilər. Sübut olunub ki, xroniki xəstəliklərdən əziyyət
çəkənlər və yaşı 65-dən yuxarı olan şəxslər üçün koronavirus
infeksiyası daha təhlükəlidir.
Ümumiyyətlə, bütün xroniki xəstəlikləri olanlar üçün koronavirus
infeksiyası təhlükəlidir. Ona görə də bu qrupda olanlar
səhhətlərinə qarşı xüsusi diqqətli olmalı və daha ciddi profilaktik
tədbirlər görməlidirlər. Belə ki, yanaşı xəstəlikləri, yaşı 65-dən
yuxarı risk qrupuna daxil olanların səhhətində hər hansı şübhəli
bir hal baş verərsə mütləq həkimlə əlaqə saxlamaları vacibdir.
- Vətəndaşlar virusa yoluxmamaq üçün hansı qaydalara əməl etməlidilər?
- Sınaqdan keçirilmiş virusdan qorunma yolları dəyişməz olaraq qalır. İlk növbədə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir.