Bakı. Trend:
Nigar Əmirbəyova beynəlxalq təşkilatın vitse-prezidenti olub.
5 ildən artıq jurnalistika sahəsində, 17 ildən artıq ictimai iaşə sistemində çalışmış kulinariya sahəsi üzrə ekspert Nigar Əmirbəyova Dünya Restoran İdmanı Federasiyasının (WFRS) vitse-prezidenti təyin edilib. Nigar Əmirbəyova “Diyar - Azərbaycanın qastronomik xəritəsi” layihəsinin müəllifi və rəhbəridir. O, həmçinin Azərbaycanın mədəni kodlarının dirçəldilməsi və bölgələrdə milli mətbəx nümunələrinin canlandırılması layihəsinin həyata keçirilməsi ilə məşğuldur. Ekspert kulinariya sənəti sahəsində “Chefs Cup”, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sertifikatları ilə təltif edilib.
Nigar Əmirbəyova ilə müsahibəni təqdim edirik:
- Yəqin ki, bəzi oxucularımız restoran idmanının nə olduğunu bilmir. Bunu onlara necə izah edərdiniz?
- Bu, dünyada yeganə idman növüdür ki, işçi ixtisasları təbliğ edir.
Komanda üç əsas oyunçudan ibarətdir: baş aşpaz, ofisiant və somelye. Komanda münsiflər heyətindən yalnız təklif olunan məmulatlardan bəzi yeməklər hazırlamaq üçün texniki tapşırıq alır, bundan sonra milli xüsusiyyətlərdən və ustalıq sirlərindən asılı olaraq müəyyən improvizasiya mümkündür. Vaxt təyin olunur və mübarizə başlayır. Baş aşpaz yeməyin hazırlanmasına diqqət yetirir, ofisiant süfrənin qurulması üzərində işləyir, somelyenin işi isə hazırlanmış yeməklərin dadı nəzərə alınmaqla seçiləcək spirtli və ya spirtsiz içkilər hazırlamaqdır. Vaxt bitir və “X” saatı başlayır, münsiflər heyəti yeməklərin və içkilərin dequstasiyasını keçirərək komanda üzvlərinə xallar verir. Bu, tamaşaçıları kulinariya sənətinə dair faydalı biliklərlə zənginləşdirə bilən heyranedici bir tamaşadır.
Bir müddət əvvəl bu idman növü İsrailin milli idman növü elan edilib. İngilislərdə futbol, kanadalılarda hokkey, amerikalılarda beysbol, İsraildə isə ən yaxşı idman növü restoran idmanıdır. Bir media adamından da bir dəfə soruşublar ki, niyə bu, ən yaxşı idman növüdür? O isə dahiyanə cavab verdi! Beysbolçular, hokkeyçilər və futbolçular əvvəlcə bizə yemək yeməyə gəlirlər, sonra da oynamağa gedirlər, əksinə deyil. Bizim idmanımız ən yaxşı, ən əsası isə ən dadlıdır. Hətta bizim şüarımız var: “Restoran idmanı dadlı idmandır”.
- Hər şey necə başladı və Dünya Restoran İdmanı Federasiyası necə yarandı?
- WFRS (World Federation of the Restaurant Sport) 10 iyun 2017-ci ildə təsis edilib. Mənzil-qərargahlar İsrailin Təl-Əviv və Bolqarıstanın Burqas şəhərində yerləşir. Rəsmi dillər ingilis və rus dilləridir.
BMT ECOSOC-da (İqtisadi və Sosial Şurası) nümayəndəsi Aleks Rabinoviç Dünya Restoran İdmanı Federasiyasının prezidenti, həmçinin, SHA Beynəlxalq Reytinq Mərkəzinin baş direktorudur.
2018-ci il iyunun 8-10-da, futbol üzrə dünya çempionatının başlanmasına üç gün qalmış Sankt-Peterburqda birinci çempionat keçirilib. Sonra İsrail, sonra Bolqarıstanın himayəsi altında tur baş tutub. İndi federasiya 2023-cü ilin mayında Türkiyədə baş tutacaq 6-cı çempionata hazırlaşır. Bu, beynəlxalq turnir olacaq. Bir çox KİV bizə güclü informasiya dəstəyi verir. Biz çoxlu məşhur aktyorların və DJ-lərin gəlməsini gözləyirik. Çempionatda ən azı 8 min tamaşaçı iştirak edəcək. Eyni zamanda, biletlərin qiyməti də çox münasib olacaq. Möhtəşəm bir şey gözlənilir!
WFRS öz nizamnaməsi, qaydaları, sanitar-texniki tələbləri və sponsorluq paketi olan beynəlxalq təşkilatdır.
Həmçinin, federasiyanın strategiyası və məqsədləri var ki, bunlardan başlıcası bütün dünyada restoran idmanının inkişafı və təkmilləşdirilməsi, restoran idmanı sahəsində beynəlxalq tədbirlərin tənzimlənməsi, milli assosiasiyalar arasında tərəfdaşlıq və dostluq əlaqələrinin təşviq edilməsi, Dünya Restoran İdmanı Federasiyasına üzv dövlətlərin beynəlxalq restoran idmanı naminə bütün maraqlı şəxslərin və təşkilatların səylərinin birləşdirilməsidir.
Qeyd edim ki, WFRS hər bir təmsilçi ölkədəki milli kulinariya assosiasiyaları ilə sıx əməkdaşlıq edir. Məsələn, Özbəkistan adından federasiyasnı Özbəkistan Milli Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov təmsil edir. Ölkəmizi iki nəfər təmsil edir. Onlardan biri Azərbaycan Aşpazlar Gildiyasının prezidenti, tanınmış baş aşpaz və restorançı İlkin Hənifə Əkbərzadədir.
Eyni zamanda, İ.H.Əkbərzadə kulinariya səfiri, Kulinariya Gildiyasının - BƏƏ-nin (WACS) səfiri, Suriya Kulinariya Gildiyasının (WACS) üzvü və Qana Kulinariya Assosiasiyasının (WACS) fəxri baş aşpazıdır.
İkinci təmsilçimiz beynəlxalq hakim, Qızıl Şahinlər Federasiyasının Azərbaycandakı prezidenti, İsveç Stokholm Aşpazlar Birliyinin fəxri üzvü və bu təşkilatın Azərbaycandakı səfiri, “Gastro Antalya + Mediterranean's Chef Club” federasiyasının səfiri, WFRS-in Azərbaycandakı prezidenti Emil Əliyevdir.
- Restoran idmanının gələcəyini necə görürsünüz?
- Yarışlarda ən diqqətçəkən cəhət odur ki, o, insanların əməyə baxışında köklü dəyişiklik yaradır, belə ki, o, əməyi əvvəllər hesab edildiyi kimi, ağır bir yükdən, şərəf, şöhrət məsələsinə, şücaət və qəhrəmanlıq məsələsinə çevirir. Restoran idmanı dünyada eyni ixtisasın nümayəndələrinin yarışdığı yeganə idman növüdür.
Bir çoxumuz restoranlara baş çəkirik, amma düşünmürük ki, nə qədər müxtəlif peşə sahibləri bizim səhər yeməyimiz, naharımız və ya şam yeməyimiz üçün öz əməyini və bacarıqlarını sərf edib. Və bəzən bu insanlar kölgədə qalır, işləmək həvəsini itirir və gündəlik rutinə cəlb olunurlar. Bu peşələrdə olan insanların əməyini qeyd etmək və onları ön plana çıxarmaq vacibdir. Həyəcan və rəqabət ruhu həm qonaqpərvərlik və iaşə işçiləri, həm də restoran və otel sahibləri üçün böyük motivasiyadır. Əminəm ki, restoran idmanı çox populyar idman növünə çevriləcək, çünki yeməklər hadisələrin episentrində dayanır, həmişə parlaq, cəlbedici və zəruridir. Bu, dünyanın hər yerindən peşəkarları və qurmanları bir yerə toplayır.
- Yarışların məqsədi nədir?
- Fransız dilindən tərcümədə "sport" oyun, əyləncə deməkdir. İlk növbədə, bu, səviyyəli, güclü şoudur. Ancaq daha dərinə baxmaq lazımdır, dünyanın bir çox ölkələri üçün bu, turizm və milli mətbəxin populyarlaşması deməkdir. Bizim geyim, avadanlıqla bağlı heç bir məhdudiyyətimiz yoxdur və yaradıcı yanaşmanı alqışlayırıq. Ümumiyyətlə, hər şey rəqabət ruhu üzərində qurulub. WFRS 3,5 il ərzində böyük bir yol qət etdi. Federasiyanın təbliğində SHA Beynəlxalq Reytinq Mərkəzi kömək edir. 34 ölkədə ya milli restoran idmanı federasiyası, ya da WFRS ilə assosiasiya var. WFRS maliyyə və təşviqat baxımından dünya idman federasiyalarnın ilk 30-luğuna daxildir. Bu, artıq WFRS markası altında su və təmizləyicilər istehsal edən bir brenddir, bir çox şirkət artıq WFRS ilə birgə məhsulun markalanması və təşviqi ilə bağlı danışıqlar aparır. WFRS öz loqotipi ilə dünyanın 24 ölkəsinə İsrail şərabını tədarük edir.
- Yarışların bəzi xüsusiyyətləri barədə danışardınız. Tədbirin hansı mərhələləri var?
- Yarışda iki mərhələ var - əvvəlcə təsnifat mərhələsi keçirilir, sonra komandalar finala çıxır. Komandada cəmi üç nəfər var. Səhnədə aşpaz bişirir, ofisiant müəyyən sayda hakimlər üçün süfrə hazırlayır və beş-beş istiqamətdə, məsələn, vaxt, dad, estetika və s. üzrə qiymətləndirmə aparır. Həmçinin, somelye də var ki, o, şərab açır və ya kokteyl hazırlayır. Bir şərt var – yeməkdə istifadə edilməli olan məhsulların olduğu qutular veririk. Amma əlavə məhsul və ədviyyatların istifadəsini qadağan etmirik. Həmçinin, yarışlarımızda WACS-dan 5-dək hakim qiymətləndirmə aparır və onlar müstəsna peşəkarlardır.
- Sizin fikrinizcə, restoran biznesində vacib olan nədir?
- Restoran biznesində mənim üçün ən vacib olan peşəkarlıq və dürüstlükdür. Müəssisə kiçik və tanınmamış ola bilər, amma dadlı və təmiz olarsa, ora hər zaman müştərilərlə dolu olacaq. Amma əksinə də olur, interyer dizaynına çox peşəkarlıqla yanaşıblar, amma yeməyə heç nə yoxdur. Burada nə qiymətləndirilməlidir, necə və niyə? Mənim üçün vacibdir ki, restoran sahibi öz gücünü tam qiymətləndirsin və öhdəlikləri elə bölüşdürsün ki, restoran eyni dərəcədə yaxşı mətbəxə, mühitə və təmizliyə malik olsun. Onu da qeyd edim ki, Azərbaycanda işi mənə etibar edilmiş Beynəlxalq Reytinq Mərkəzi bütün dünyada restoranlar üçün meyarların qiymətləndirilməsi ilə məşğul olacaq. Bu, ulduzların tamamilə qərəzsiz və obyektiv şəkildə restoran və otellərə təyin ediləcəyi "ulduz" sistemidir. Bu, turistlərə, qurmanlara və sadə vətəndaşlara, birincisi, iaşə və qonaqpərvərlik obyektlərinin ümumi siyahısında nəzarətdən keçmiş restoran və ya mehmanxananı görməyə, ikincisi, təhlükəsizlik, xidmət keyfiyyəti baxımından konkret müəssisədən nə gözlədiyini əvvəlcədən bilməyə, üçüncüsü isə tövsiyələr vasitəsilə dəqiq məkanı öyrənməyə imkan verəcək.
(Tərcümə: Orxan Nəbiyev)