...

Mərkəzi Gömrük Hospitalının bazasında Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri üçün tədris başlanılıb

Cəmiyyət Materials 26 Sentyabr 2022 17:03 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının bazasında Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri üçün tədris başlanılıb

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 2022-ci ilin sentyabr ayından etibarən Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələrinə praktiki dərslərin tədrisinə başlanılıb. Müxtəlif fənnlər üzrə dərslər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının aparıcı mütəxəssisləri tərəfindən aparılacaq.

Tədrisin ilk günündə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 6-ci kurs tələbələri “Fövqəladə hallar təbabəti” fənninin tədrisinə başlayıblar. 4 oktyabr tarixinə qədər intensiv olaraq davam edəcək “Fövqəladə hallar təbabəti” fənnini tələbələrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədris edir. Dr.İsmayıl Əfəndiyev tələbələrə fövqəladə hallarda kəskin kimyəvi maddələrdən zəhərlənmələr, radiologiyaya qarşı müdafiə, müxtəlif fövqəladə hallar zamanı, o cümlədən yanıqlar, partlayışlar, nəqliyyat vasitələrində, kütləvi toksikoloji hadisələrdə tibbi yardımın təşkili, əks-epidemik tədbirlər, uşaqlara fövqəladə hallarda ilk yardım və s. aktual məsələlər üzrə tədris aparır.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumu əsasən yerli və regional səviyyəli sertifikatlaşdırılmış tibbi təlim kurslarının, elmi-praktiki tədbir və tədqiqatların, eləcə də rezident və ixtiraçıların təcrübə mübadiləsinin təmin edilməsi üçün birgə tədris proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Tibb tələbələri üçün Mərkəzi Gömrük Hospitalının bazasında tədris prosesinin təşkili həm tələbələr, həm də onlara dərs deyən əməkdaşlara yeni inkişaf imkanları yaradır və Mərkəzi Gömrük Hospitalının Azərbaycanın kliniki – tədris xəstəxanalarının sırasında özünəməxsus yer tutmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti