...

BDU-da akademik Rəfiqə Əliyevanın 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2022 12:50 (UTC +04:00)
BDU-da akademik Rəfiqə Əliyevanın 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunan “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.

Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Bakı şəhəri icra hakimiyyətinin başçısı Eldar Əzizov, elm və təhsil Nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri, professor, mərhumun qızı Sevinc Hacıyeva, Rəfiqə Əliyevanın qızı, dosent, Əməkdar incəsənət xadimi, Fəxriyyə xanım Xələfova və digər rəsmi şəxslər iştirak edib.

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Rəfiqə Əliyeva ölkədə kimya elminin inkişafına böyük töhfələr verib: "Eyni zamanda Azərbaycan kimya elmini dünyada şöhrətləndirib. Rəfiqə xanımın dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, fundamental monoqrafiyaları, uzun illərin gərgin zəhmətinin bəhrəsi kimi aldığı mühüm elmi nəticələr kimya elmi sahəsində ölkəmizin adının dünyada tanıdılmasında müstəsna rol oynayıb.

Rəfiqə xanım Əliyeva eyni zamanda onu tanıyanların yaddaşına vətənpərvər ziyalı, ölkənin ictimai həyatında fəal iştirak edən, cəsarətli mövqeyi, xeyirxahlıq missiyası ilə seçilən parlaq bir şəxsiyyət kimi həkk olunub: “Akademik Rəfiqə xanım Əliyeva ziyalılığı, kübarlığı, müdrikliyi, xalqına və Vətəninə bağlılığı, dövlətinə sədaqəti ilə onu tanıyanların hər biri üçün bir insanlıq nümunəsidir”.

Rektor qeyd edib ki, akademik Rəfiqə Əliyeva uzun illər ölkəmizdə kimya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb, onun rəhbərliyi ilə 2 doktorluq və 20 namizəd¬lik dissertasiyası müdafiə edilib. Akademik Rəfiqə Əliyeva 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifidir. Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş 2 cildlik “Analitik kimyanın əsasları” və “Analitik kimyadan məsələ və suallar” kitabları məhz akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilib.

Professor, mərhumun qızı Sevinc Hacıyeva çıxışında qeyd edib ki, Akademik Rəfiqə Əliyeva yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi hər zaman insanlara yaxşılıqlar edib: "Xeyirxah, nəcib əməllərin sahibi olub. Əsl Azərbaycan qadınına məxsus olan bu xarakterik xüsusiyyətlər onu gəncliyindən ömrünün sonuna kimi müşayiət edib. Bütün bu keyfiyyətlər ilk növbədə Rəfiqə xanımın mənsub olduğu ailədən, soy-kökdən irəli gəlir. Anam haqqında keçmişdəki xatirələri danışmaq çətindir. Həmkarları tərəfindən böyük hörmət və nüfuz qazanmışdı. Anam hər zaman zəkaya inandığını bildirirdi. Kimya elmi ilə bağlı istedadlı gəncləri hər zaman ətrafına toplayırdı. Onun yetişdirdiyi insanlar bu gün ölkədə və hüdudlarında peşə sahibidirlər. Gözəl, nəcib, düz qamətli və xanım-xatın qadın idi. Hər zaman onun diqqəti və qayğısı ilə əhatə olunmuşduq. O, çox tələbkar ana idi. Bugünkü həyatımızı da məhz ona borcluyuq. Həyatın bütün mənəvi dəyərlərini bizə anamız öyrətmişdi. Fəxr edirəm ki, anamın yolunu davam etdirirəm".

Daha sonra türk dünyasının fəxri, dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin təbrik məktubu oxunub.

Digər çıxışçılar da öz növbəsində mərhum barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, konfransın təşkilində əsas məqsəd müasir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə, əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq və gənclərin elmə olan marağını artırmaqdır.

Türkiyə, Pakistan, Almaniya, Ukrayna, Böyük Britaniya, Belçika, Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan, Rusiya, Qazaxıstan, Gürcüstan kimi xarici ölkələrdən, ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçirilən konfransda analitik kimya, ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi metodikası, perspektivli materialların sintezi, fiziki kimya və qeyri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti