Bakı. Trend:
Dövlət Ekoloji Ekspertiza Agentliyində Sabunçu rayon icra hakimiyyəti rəsmilərinin, bələdiyyə nümayəndələrinin, həmçinin media təmsilçilərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.
Agentlikdən Trend-ə bildirilib ki, tədbirin məqsədi yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin yaşıllıqların monitorinqi, mühafizəsi və onların götürülməsi üçün mövcud prosedurların izahı, həmin qurumların bu sahədə üzərinə düşən öhdəliklərinin müzakirəsi olub.
Görüşdə yaşıllıqların götürülməsinə dair ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, bələdiyyələr və icra hakimiyyəti orqanlarına yaşıllığın götürülməsi üçün verilmiş rəylərin icra vəziyyətinin müzakirəsi, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması, yaşıllıqların mülkiyyətçilərinin üzərinə düşən vəzifə və öhdəlikər müzakirə olunub. Eyni zamanda, müraciətlərin operativ cavablandırılması və praktikada ortaya çıxan problemlər barədə fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallara cavab verilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ərazilərdə mövcud yaşıllıqların mülkiyyətçiləri olan bələdiyyələr, icra hakimiyyəti orqanları tərəfindən ağac və kolların cari vəziyyəti ilə bağlı mütəmadi monitorinqlərin keçirilməsinin, xüsusən təhlükə yaradan, xəstə, qurumuş ağacların vaxtında aşkarlanaraq müvafiq tədbirlər görülməsinin vacibliyindən söz açıb.
M.Qənbərov qeyd edib ki, Agentlik tərəfindən mütəmadi olaraq Bakı şəhərində və regionlarda bu cür maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.