Bakı. Trend:
Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərdədir.
Baş Prokurorluqdan Trend-ə
verilən məlumata görə, nümayəndə heyəti tərəfindən İstanbulda Ulu
öndər Heydər Əliyevin adına park ziyarət edilib, abidəsi önünə
əklil qoyularaq Ümumilli liderin xatirəsi ehtiramla yad edilib.
Səfər çərçivəsində İstanbul şəhər Baş prokuroru Şaban Yılmazla
ikitərəfli görüş keçirilib.
Kamran Əliyev hər iki ölkənin dövlət başçısı cənab İlham Əliyev və
cənab Rəcəb Tayyib Ədoğanın sarsılmaz səyləri, apardıqları
uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə
əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla
dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Baş prokuror Türkiyənin Bartın vilayətindəki kömür mədənində
çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışla bağlı həmkarına
başsağlığını ifadə edib.
Ölkəmizin nümayəndə heyətini salamlayan İstanbul şəhər Baş
prokuroru tarixən xalqlarımızın milli köklərə söykənən
münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə olduğu
kimi, qardaş ölkələrimizin prokurorluq orqanları arasında
əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula
görə minnətdarlığını ifadə edərək, Şaban Yılmazın rəhbərliyi ilə
nümayəndə heyətinin 2021-ci ilin noyabr ayında ölkəmizə səfərinin
ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini qeyd
edib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi
aparılaraq, ikitərəfli qarşılıqlı fəaliyyətin səmərəliliyindən
danışılıb, Türk Dövlətləri Təşkilatının Baş Prokurorluları Şurası
çərçivəsində əməkdaşlığın uğurla aparıldığı vurluğulanıb. İki
ölkənin prokurorluq orqanları arasında ənənəvi münasibətlərin
bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə
edilib.