...

Bakı metrosuna daha 10 yeni vaqon gətirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 20 Oktyabr 2022 13:33 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 10 vaqondan ibarət hərəkət tərkibi Bakı metropoliteninin “Nərimanov” elektrik deposuna gətirilib.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, qurum nümayəndələrinin Rusiyaya səfəri zamanı texniki təftiş, ilkin sınaq və qəbulu üzrə sənədləşmələrdən sonra qatarlar Bakıya sentyabr ayının sonlarında yola salınmışdı.

Hər biri innovasiyalar baxımından 4-cü nəslə mənsub 81-765 B./81-766 B. modelli 5 vaqondan ibarət 4 qatar 2019-cu ilin oktyabrında bağlanmış üçillik müqaviləyə əsasən, “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunub. Texniki tapşırıqda Azərbaycan paytaxtının mikroiqlim və coğrafi şəraiti, Bakı metropoliteninin xüsusiyyətləri və mürəkkəb infrastrukturu nəzərə alınıb.

Gətirilmiş vaqonların sərnişinə xidmət baxımından üstünlüklərindən kondisioner sisteminin Bakının isti iqlim şəraitinə uyğunlaşdırılması xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sisteminə havanın bakteriyalardan təmizləmə funksiyası da daxildir. Əlavə olaraq, vaqonlarda ultrabənövşəyi lampalar məhz bu funksionallığa malikdir.

Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin qatar boyu hərəkət rahatlığını, onların bərabər paylanmasını təmin edir. Yeni vaqonların tutumu əvvəlki nəsil analoqları ilə müqayisədə, 15 faiz çoxdur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315, 44 oturacaqlı orta vaqonun isə 329 nəfərdir. Həmçinin qapıların daha enli olması sərnişinlərin minib-düşmə rahatlığını, intensivliyini artırır və bu, qatarların hərəkət qrafikinin pozulmasının aradan qaldırılmasında müəyyən rol oynayır. Qapıların rəvan açılıb-bağlanan sistemi həm də fiziki təzyiqlərə davamlıdır.

Sərnişinə xidmət mədəniyyətinin yüksəldilməsi baxımından yeni qatarlar əlil və uşaq arabaları, iri yüklər üçün zonalara malikdir. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da vaqonların daşıma qabiliyyətini artırır.

Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orijinal qrafikalı informasiya sistemlərindən ibarətdir. Bütün vaqonlarda mobil cihazların yüklənmə portları var. Sərnişinlər üçün ilk nəzərəçarpacaq fərq məhz baş vaqonların ön işıqlanma sisteminin fərqli dizaynda olmasıdır.

Maşinist kabinasının genişliyi daha rahat idarəetməyə şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır.

Sazlama və tənzimləmə, xətlərdə normativlərə uyğun son sınaq yürüşlərindən sonra qatarlar xəttə veriləcək.

“Bakı Metropoliteni” QSC-nin növbəti texniki heyəti istehsal prosesi tamamlanaraq ilkin sınaqlara cəlb edilmiş daha 10 yeni nəsil qatarın qəbulu üçün Rusiya Federasiyasına yollanıb. Qəbul prosedurları uğurla tamamlanarsa, 10 vaqondan ibarət qatar karvanının oktyabr ayının sonlarında Bakıya yola salınması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti