...

Doktor Ziya verilişdə İranda Azərbaycan dilinin tədris olunmamasına münasibət bildirib

Cəmiyyət Materials 29 Noyabr 2022 14:37 (UTC +04:00)
Doktor Ziya verilişdə İranda Azərbaycan dilinin tədris olunmamasına münasibət bildirib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda baş tutan beynəlxalq konfransının açılışında çıxış edərkən İranda Azərbaycan dilinin tədrisi barədə söhbət açdı və vacib bir məqama toxundu. Dövlət başçısı bildirdi ki, Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi var. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər?

Trend-in məlumatına görə, bu sözləri “RadioSpace”in efirində səslənən “Meqapolis” verilişində doktor Ziya İranda Azərbaycan dilinin tədris olunmamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, istər qonşu ölkələrdə, istərsə də Azərbaycanda bu məsələ öz həllini tapır:

“Bəs xarici təcrübə nədən ibarətdir? Əgər İranda Azərbaycan dilli məktəblərin açılmasından söhbət gedə bilmirsə, mən İspaniyanı nümunə gətirmək istərdim. İspaniyada olarkən bunu şəxsən müşahidə edirdim.

Bu ölkədə tədris ispancadır, lakin bəzi ərazilərdə etnik qruplar öz dillərində danışırlar. Məsələn, Valensiya vilayətində insanlar valensiano dilində ünsiyyət qururlar, ispanca danışmırlar. Barselonada, ümumiyyətlə Kataloniya vilayətində katalanca danışılır. Bu dil ispan orta ümumtəhsil məktəblərində keçilir”.

Doktor Ziya vurğulayıb ki, İranda bu fakt belə yoxdur. Əslində isə bu, tətbiqi vacib olan məsələdir, çünki İranda azərbaycanlılar yaşayırsa, aydın məsələdir ki, onların həyatı Azərbaycanın diqqət mərkəzində olacaq.

“Azərbaycan Prezidenti İlham Əliyev həmişə bildirir ki, İran azərbaycanlıları dili itirirlər. Dövlət başçısının sözləri ilə desək: “Bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”. Düşünürəm ki, bu da açar cümlələrdən biridir”, - deyə doktor Ziya vurğulayıb.

Xəbər lenti

Xəbər lenti