Bakı. Trend:
13 dekabr 2022-ci il tarixdə Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Zəngilan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya birlikdə yox deyək!”mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov, Zəngilan rayon Polis Şöbəsinin - Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Bərxudar Şıxəliyev, Zəngilan rayon Gənclər və İdman idarəsinin rəisi Zakir Məmmədov, Zəngilan rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə, Zəngilan Rayon İcra hakimiyyətində məsləhətçi–psixoloq Mətanət Həsənova, Zəngilan rayon 9 və 36 nömrəli məktəbin şagirdləri, məktəblərin psixoloqları iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub. Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.
Sonda şagirdləri maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.