Bakı. Trend:
İnsan kapitalından səmərəli istifadə olunması, dövlət qulluqçularının potensialının artırılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “XXI əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” adlı beynəlxalq seminarda deyib.
O qeyd edib ki, seminarın məqsədi insan resurslarının idarə edilməsi siyasətində və proseslərində yaxşı təcrübələr haqqında müvafiq bilik və məlumatı paylaşmaq, eyni zamanda seminar iştirakçısı olan ölkələrin dövlət orqanlarının insan resursları üzrə rəhbər şəxsləri arasında insan resurslarının strateji idarə edilməsinə dair müasir təcrübələr barəsində müzakirələr aparmaqdır.
“Azərbaycanda gənc idarəçi kadrların bankının yaradılması
məqsədilə təşkil olunmuş “Yüksəliş” müsabiqəsini və qaliblər üçün
mentorluq proqramlarının təşkilini bu istiqamətdə aparılan
siyasətin növbəti mərhələsi hesab etmək olar. Gənc idarəçilərin
kadr bankının formalaşdırılması müasir standartlara uyğun yetişmiş
insan resurslarının mövcud idarəetmə sisteminə məqsədyönlü və dəqiq
inteqrasiyası məqsədi daşıyır. Bu kimi tədbirlər idarəetmə
mühitinin və kadr münasibətlərinin müasirləşməsinə səbəb
olacaqdır.
Bu strateji xəttə uyğun olaraq aparılan siyasət bu gün Azərbaycanda
dövlət qulluğunda da uğurla tətbiq edilir”,- deyə M.Abbaszadə əlavə
edib.