...

Yeni təyin olunan hakimlərin təxminən 50%-ə qədərini qadınlar təşkil edir - Cavid Hüseynov

Cəmiyyət Materials 21 Dekabr 2022 17:40 (UTC +04:00)

Bakı. Trend:

Artıq 83 hakimin təyinatı aparılıb, 40 nəfər təyinat ərəfəsindədir, 250-yə yaxın hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələlərindədir.

Trend xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deyib.

Cavid Hüseynov bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların təyinatıdır. Cənab Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə həyata keçirilir. Artıq 83 hakimin təyinatı aparılıb, 40 nəfər təyinat ərəfəsindədir, 250-yə yaxın hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələlərindədir. Yeni təyin olunan hakimlərin təxminən 50%-ə qədərini qadınlar təşkil edir.

Cavid Hüseynov qeyd edib ki, hakimlərin seçilmə qaydası 2021-ci ilin martında təsdiq edilib və ötən dövr ərzində 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib. Fəaliyyətində fərqlənən 50-yə yaxın hakim vəzifələrində irəli çəkilib, 60-a qədər hakim isə Milli Məclisin müvafiq qərarları ilə ali və apellyasiya məhkəmələrinə təyin edilib. O, hakimlərin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsinin son nəticələrinə əsasən, bu gün komitənin müzakirəsinə təqdim olunan hakimlərin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi, təyin olunması, həmçinin apellyasiya məhkəmələri çərçivəsində iş yerinin dəyişdirilməsi və apellyasiya məhkəmələrindən birinci instansiya məhkəmələrinə keçirilməsi ilə bağlı məsələlər barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

Xəbər lenti

Xəbər lenti