Bakı. Trend:
ABŞ-nin Bakıdakı səfirliyi, Ali & Nino kitab mağazaları və səfirliyin “Green Team” komandası ilə birgə təşkil etdiyi tədbirdə istifadə olunmuş plastik butulkalardan hazırlanmış Milad ağacının quraşdırılması ənənəsini davam etdirib. Tədbirdə ABŞ səfirliyinin əməkdaşları və ailələri, Bakı Amerika Mərkəzinin “Green” Klubu, 20 nömrəli Məktəb Liseyi, və Oxbridge Akademiyasından şagirdlər iştirak etmişdir. İştirakçılar öz bədii istedadlarını və müxtəlif yenidən emal olunan materiallardan hazırlanmış sənətkarlıq əsərlərini nümayiş etdiriblər. Ən yaxşı dizayn müəllifi olan uşaqlar səfirliyin “Green Team”i və Ali & Nino kitab mağazalarından mükafatlar qazandılar, Ali və Nino kitab mağazaları şəbəkəsinin baş direktoru və təsisçisi Nigar Köçərli dedi: “Biz Ali & Nino kitab mağazalarında ABŞ səfirliyinin ətraf mühitin mühafizəsi təşəbbüsünə qoşulmaqdan çox şadıq. Paulo Koelyonun dediyi kimi: “Dünya sizin nümunənizlə dəyişir. Sizin fikrinizlə deyil.”
Bu tədbir ABŞ səfirliyinin ətraf mühitə diqqətinin və materialların təkrar emal edilməsi və icma daxilində digər davamlı təcrübələrin təşviqi ilə karbon izlərini azaltmasının kreativ nümunəsi idi. ABŞ hökuməti 2030-cu ilə qədər Birləşmiş Ştatlarda istixana qazı emissiyalarını 50-52 faiz azaltmaq, 2035-ci ilə qədər karbon çirklənməsindən azad elektrik enerjisini 100 faizə çatdırmaq və 2050-ci ilə qədər iqtisadiyyatda xalis sıfır emissiyaya nail olmaq üçün cəsarətli öhdəlik götürüb.
ABŞ səfirliyinin “Green Team”i bəyanatında demişdir: “Bugünkü tədbir ətraf mühitimizə qayğı göstərməyin praktik, əyləncəli və yaradıcı ola biləcəyini özümüzə xatırlatmaq üçün kiçik, lakin əhəmiyyətli bir yoldur. Bu, bir nəfərin və ya ailənin, bir sinifin, icmanın edə biləcəyi bir şeydir; həll yollarını tapmaq üçün yanaşmamızda bir olsaq, qlobal problemlərin öhdəsindən birlikdə gələ bilərik”.
Bu məqsədlərə doğru çalışmaq üçün Birləşmiş Ştatlar ölkə daxilində və öz səfirlikləri vasitəsilə xaricdə geniş səviyyələrdə tədbirlər görüb – minik avtomobillərində emissiyalar üçün ən yüksək standartları müəyyən edib, metan və hidrofluorokarbonlar kimi çirkləndiricilərlə mübarizə aparıb və təmiz texnologiyaların tətbiqinə milyardlarla sərmayə qoyub. Bu səylərin bir hissəsi olaraq, ABŞ-nin Bakıdakı səfirliyi öz qarajına elektrikli avtomobillər əlavə etmiş, həmçinin, aktiv yenidən emal və tullantıların azaldılması proqramını davam etdirir və hamıya təsir edən ekoloji problemlər haqqında məlumatlılığı yaymaq üçün tez-tez çimərliklərin təmizlənməsi və bu kimi digər maraqlı fəaliyyətlər təşkil edir.