Bakı. Trend:
Bakının Nərimanov rayonunda yerləşən “Bakı KOB evi”ndə sahibkarlara digər dövlət qurumlarının xidmətləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid xidmətlər də göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə,
sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş
qaydada təqdim edildiyi bu vahid məkanda biznes subyektləri əmək
müqaviləsi bildirişlərinin qeydiyyatı xidmətindən yararlana
bilərlər. “Bakı KOB evi”ndə həmçinin aktiv məşğulluq, o cümlədən
özünüməşğulluq proqramları ilə bağlı da müraciət edənlərə
məlumatlar verilir.
Qeyd olunan xidmətlərlə bağlı Nazirliyin müvafiq qurumları və ya
DOST mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət oluna
bilər.
Sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmətin təqdim edildiyi, xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında göstərildiyi “Bakı KOB evi” həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir.