...

Dünya alimləri seysmik məsələlərin müzakirəsi üçün Bakıda toplaşıblar (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2023 10:27 (UTC +04:00)
Dünya alimləri seysmik məsələlərin müzakirəsi üçün Bakıda toplaşıblar (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 26-da Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi öz işinə başlayıb.

Trend xəbər verir ki, konqresin plenar iclasında Azərbaycandan olan elm adamları, istehsalat nümayəndələri ilə yanaşı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən nüfuzlu alimlər iştirak ediblər.

Əvvəlcə qardaş Türkiyə Respublikasında bu ilin fevral ayında baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzMİU-nun rektoru, Konqresin fəxri sədri professor Gülçöhrə Məmmədova çıxış edərək iştirakçıları salamlayıb və mövzunun aktuallığına diqqət çəkib. Rektor Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələni əsrin fəlakəti adlandıraraq dünya elminin və inşaat sektorunun yeni, həmçinin mühüm çağrışlarla üz-üzə olduğunu qeyd edib.

Professor Gülçöhrə Məmmədova ulu öndər Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır” fikrini sitat gətirərək seysmoloji araşdırmalarda yeni və dərinləşdirilmiş yanaşmanın, mütərəqqi texnologiyanın tətbiqi ilə risklərin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

AzMİU-nun ölkəmizin yüz illik inşaat mühəndisliyi ali təhsil ənənəsini özündə birləşdirdiyini, universitetdə bu istiqamətdə yüksək ixtisaslı mühəndis kadrların yetişdirildiyini, bina və qurğuların inşası üzrə seysmoloji məsələlərin dərindən araşdırıldığını qeyd edən rektor Konqresin universitet alimləri üçün yeni üfüqlər yaradacağına, ölkəmizə və dünyaya böyük faydalar qazandıracağına əminliyini ifadə edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış etdi.

Çıxışlardan sonra AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi ilə dünyanın bir neçə ölkəsinin zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzləri arasında beynəlxalq əməkdaşlıq sazişləri imzalanıb.

Konqresin plenar iclası nüfuzlu alimlərin elmi məruzələri ilə davam etdirilib.

Tokio Texnologiya İnstitutunun fəxri professoru, Yaponiya Seysmik İzolyasiya Cəmiyyətinin prezidenti Akira Wada “Seysmik izolyasiya yastıqları və sönüm cihazları üçün yeni yüksək performanslı dinamik sınaq təsisi” adlı elmi məruzə ilə çıxış edib. Alim zəlzələ zamanı seysmik izolyasiya yastıqlarının əhəmiyyəti, Yaponiyanın bu istiqamətdəki təcrübələri və elmi-praktik perspektivlər haqqında geniş məlumat verib.

ABŞ-ın Arizona Universitetinin professoru Tribikram Kundu “Qeyri-dağıdıcı sınaq və struktur sağlamlığa nəzarət texnologiyasında son nailiyyətlər” adlı məruzəsində bina və qurğuların sınaq yolu ilə seysmik davamlılığının yoxlanılması üzrə ən son elmi-texnoloji araşdırmalardan danışıb.

Konqresin sədri, AzMİU-nun professoru, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə isə “Yeni struktur seysmik izolyasiya sistemi” mövzularında məruzə ilə çıxış edib. Alim seysmik izolyasiya üzrə yeni yanaşmanın vacibliyinə diqqət çəkib və bu istiqamətdə apardığı elmi araşdırmalar haqqında məlumat verib.

Kanada British Kolumbiya Universitetinin professoru, zəlzələ araşdırma mərkəzinin direktoru Carlos E.Ventura, Türkiyənin Boğaziçi Universitetinin fəxri professoru Mustafa Erdik, İtaliya Casaccia Araşdırma Mərkəzinin direktoru professor Paulo Clemente, Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Haluk Sucuoğlu və digər nüfuzlu alimlər də məruzə ilə çıxış ediblər.

AERS 2023-ün məqsədi zəlzələ mühəndisliyinin əsas hədəfləri istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması, qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması, mövcud inşaat norma və qaydalarında zəlzələ mühəndisliyinin əsas hədəflərindən olan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcək zəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğu sistemlərindən istifadəyə çağırış və bu kimi aktual məsələlərdən ibarət olub.

Konqresin nəticəsi olaraq Fəlakətsiz Zəlzələ Mühəndisliyi “Mühəndislər layihə və tikintidə səhv etməsələr, zəlzələlər fəlakət deyil” şüarının mühəndislikdə tətbiqi, məruzə və elmi məqalələrin beynəlxalq “Springel” yayın evinde (İsveçre) və “Elmi Əsərlər” jurnalının xüsusi buraxılışında çap edilməsi, Azərbaycan Memarlıq İnşaat Universiteti ilə dünyanın aparıcı ölkələrinin zəlzələ mühəndisliyi üzrə elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə layihələrin icrası, Qurğular Dinamikasında Fəlakətsiz Zəlzələ Mühəndisliyi (Non-Disaster Earthquake Engineering in Structural Dynamics) Beynəlxalq jurnalının təsisi və dərc edilməsi planlaşdırılır.

2 gün davam edəcək Konqreslə bağlı daha ətraflı məlumat əldə etmək üçün konqresin rəsmi saytına (https://aers2023.com) keçid etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti