...

Bakıda akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2023 12:59 (UTC +04:00)
Bakıda akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda görkəmli oftalmoloq-həkim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

Əvvəlcə Səhiyyə Nazirliyinin rəhbərliyi və konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər dövlət orqanların rəhbər şəxsləri, millət vəkilləri və tanınmış ictimaiyət nümayəndələri, həmçinin Türkiyə, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Avstriya, Qazaxıstan və Özbəkistandan gəlmiş görkəmli oftalmoloqlar iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğuladı ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Qeyd edildi ki, Azərbaycanın tanınmış alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında rolu danılmazdır: “Oftalmologiya elminin fədaisi olan Zərifə xanım Əliyeva elmdə heç vaxt asan yol axtarmayıb, həmişə keçilməmiş yollarla gedib, elmi araşdırmaları üçün praktik əhəmiyyət daşıyan aktual mövzular seçib. Azərbaycan səhiyyəsinin inkişafında akademik Zərifə Əliyevanın bir xidməti də onun pedaqoji fəaliyyəti, həkimlərin peşəkar bacarıqlarının artırılması, yüksək ixtisaslı həkim kadrlarının formalaşması üzrə gördüyü işlər idi. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir”.
“Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanımın adı Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq tariximizə əbədi yazılıb”, - deyə səhiyyə naziri fikrini tamamladı.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında bildirdi ki, Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.

Öz çıxışında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Zərifə xanımın yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük töhfələr verdiyini vurğuladı.

Zərifə xanımla uzun illər çalışmış həmkarları - Rusiya Tibb Elmləri Akademiyasının akademikləri Alevtina Brovkina və Larisa Maşetova görkəmli alim haqqında xatirələrini bölüşüblər.

Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin (TCOD) təsisçisi və sədri Sunay Duman tibb elminin yeni istiqamətlərinin işlənib hazırlanmasında Zərifə xanımın xidmətlərini vurğulayıb.

Konfransda Zərifə xanım Əliyevanın həyatına və elmi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

İki gün davam edəcək konfransda “Xorioid melanomalarının diaqnostik və proqnostik markerləri”, "Qlaukomanın müalicəsində kannabisin tətbiqinə dair", “Dünyanın aparıcı ölkələrində oftalmoloji təhsilin artırılmasında rəqəmsal texnologiyaların tətbiqi və onun Azərbaycan modeli”, “Müasir neft sənayesində çalışan işçilər arasında oftalmopatologiyaların öyrənilməsi və onların yaranma riskinin qiymətləndirilməsi”, “Refraktiv cərrahiyyədən əvvəl retinanın qiymətləndirilməsinin əhəmiyyəti”, "Kapsul kisəsi olmadıqda İOL implantasiyası" və s. kimi məsələlər müzakirə ediləcək.

Konfrans aprelin 29-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti