...

MDU Ukraynada beynəlxalq müsabiqədə uğurla təmsil olunub (FOTO)

Cəmiyyət Materials 10 İyun 2023 01:05 (UTC +04:00)
MDU Ukraynada beynəlxalq müsabiqədə uğurla təmsil olunub (FOTO)

Bakı. Trend:

Ukrayna Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və UNESCO üzrə Ukrayna Milli Komissiyasının himayəsi ilə Mixaylo Ostroqradski adına Kremençuq Milli Universitetinin bazasında keçirilən “Sahibkarlıq, ticarət və birja fəaliyyəti” ixtisası üzrə Beynəlxalq Tələbə Elmi İşi Müsabiqəsinə yekun vurulub.

Mingəçevir Dövlət Universitetindən Trend-ə bildirilib ki, müsabiqəyə 15 ölkəni (Ukrayna, Azərbaycan, Gürcüstan, İtaliya, Polşa, Bolqarıstan, İsveçrə, ABŞ, Çexiya, Böyük Britaniya, Çin, Slovakiya, Latviya, Litva və Yunanıstan) təmsil edən 36 ali təhsil müəssisəsinin 71 iştirakçısından 57 elmi iş daxil olub.

2023-cü ilin iyunun 1-də Müsabiqə Komissiyasının onlayn formatda yekun iclası keçirilib. İclasda daxil olmuş rəylər və açıq müzakirələr əsasında böyük marağa səbəb olmuş layihələr müsabiqənin qalibləri elan edilib. Münsiflər Heyəti iştirakçıların hazırlıq səviyyəsini, təşəbbüskarlığını və tədqiqat qabiliyyətlərini yüksək qiymətləndiriblər. Komissiyanın rəyinə əsasən Azərbaycandan Mingəçevir Dövlət Universitetinin (MDU) magistrantı Turan Eyvazlı və Ukraynadan Xarkov Milli Avtomobil və Yol Universitetinin tələbəsi Yuliya Taryanikin birgə hazırladıqları “Kənd təsərrüfatı müəssisələrində innovasiyalar” adlı elmi iş beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb. Sözügedən elmi işə MDU-dan “Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Ruhiyyə Hüseynova və Xarkov Milli Avtomobil və Yol Universitetindən “İqtisadiyyat və sahibkarlıq” kafedrasının dosenti Valentina Nesterenko birgə rəhbərlik ediblər. Qaliblər müvafiq diplomlarla təltif edilib.

Qeyd edək ki, Beynəlxalq Tələbə Elmi İşi Müsabiqəsi universitetlər arasında beynəlxalq əlaqələrin inkişafı, tələbələrin müasir texnologiyalara yiyələnməsi, onların innovativ fəaliyyətlərinin stimullaşdırılması və istedadlı gənclərin intellektual potensialının üzə çıxarılmasına töhfə məqsədi daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti