Bakı. Trend:
İyunun 9-da “ADA" Universitetində keçirilən 8-9-cu sinif
şagirdləri arasında Akademik Məqsədlər üçün V İngilis Dili
Olimpiadasının qalibləri elan olunmuşdur. 2015-ci ildə ADA
Universitetinin “Fokus” tələbə klubunun təşəbbüsü kimi başlayan
Olimpiadanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı
Təhsil İnformasiya Mərkəzi, “Təhsildə İnnovativ Texnologiyalar”
Əlavə Təhsil mərkəzi MMC, “Students Travel International” təşkilatı
və Bakı Şəhəri üzrə Təhsil İdarəsi dəstəkləmişdir.
Olimpiadada Respublika üzrə 409 məktəbdən 1096 yuxarı sinif şagirdi
iştirak etmişdir. Olimpiadanın birinci mərhələsi 9 May, 2023-cü
ildə ADA Universitetində keçirilmişdir. Bu mərhələdə iştirakçılar
ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı
sualı cavablandırmışdılar. 119 şagird müvəffəqiyyətlə ikinci
mərhələyə keçmişdir. ADA Universitetində ikinci mərhələdə isə yazı
və dinləmə qabiliyyətindən yarış olmuşdur.
Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən ADA
Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal
bildirmişdir ki, ingilis dili müasir zamanda dünyaya açılmaq üçün
bir vasitədir və bu ingilis dili olimpiadasında iştirak etmək
olimpiadada qalib olmağa bərabərdir.
Mərasimdə çıxış edən ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban
Vəliyeva, Bakı Təhsil-İnformasiya Mərkəzinin direktoru Günay
Massimova, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva,
“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin
direktoru İsa Qasımov, “Student Travel International” təşkilatının
üzvü Fidan Orucova bütün yüksək nəticə göstərmiş məktəbliləri,
onların ailə üzvlərini və təmsil etdikləri məktəblərin
nümayəndələrini təbrik etmişdir. Qeyd olunmuşdur ki, keçirilən
Olimpiada məktəblilərin ingilis dilini yüksək səviyyədə
mənimsəmələri üçün böyük təkan olmuşdur.
Nəticələrə görə, 3-cü yerin sahibi Bakı Slavyan Universitetinin
məktəb lisey kompleksinin şagirdi Ayza Tağıyeva “Blackview Tablet”
ilə mükafatlandırılmışdır. 2-ci yerin sahibi Bakı şəhəri Landau
məktəbinin şagirdi Mədinə Abdullayeva “ASUS Notebook” əldə
etmişdir. Olimpiadanın əsas qalibi Avropa liseyinin şagirdi Cavid
Musayev isə Böyük Britaniyanın “Britaniya Yay Məktəbi” proqramında
bir həftəlik “Gələcəyin akademikləri” kursunda ödənişsiz iştirak
etmək imkanı qazanmışdır.