...

AHİK sədri həmkarlar ittifaqlarının Xaçmazda yerləşən istirahət mərkəzlərində olub (FOTO)

Cəmiyyət Materials 11 Avqust 2023 10:06 (UTC +04:00)
AHİK sədri həmkarlar ittifaqlarının Xaçmazda yerləşən istirahət mərkəzlərində olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti dəfə həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən istirahət mərkəzlərinə baş çəkib.

Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə gələn S.Möhbalıyev burada istirahət edənlərin qaldığı korpus otaqlarını və kottecləri gəzib, onların dincəlməsi üçün yaradılmış şəraitlə yaxından tanış olub, yeməkxanaya və mətbəxə baxış keçirib, ərazini gəzib, yeni tikilmiş kotteclərə baxıb. AHİK sədri, həmçinin, mərkəzdə istirahət edən insanlarla söhbətləşib, istirahətləri ilə maraqlanıb, fikirlərini və təkliflərini öyrənib.

“Şahdağ” İstirahət Mərkəzində olarkən AHİK sədri istirahət üçün yaradılmış şəraitlə tanış olub, mərkəzin ərazisini gəzib, yeməkxanaya və mətbəxə baxış keçirib. İstirahət edənlər Səttar Möhbalıyevlə söhbət zamanı yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər.

Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzində keçirilib. 2010-cu ildə inşa olunan istirahət mərkəzində kotteclər və istirahət korpusları, idman meydançaları, hovuz, geniş park qonaqların istifadəsindədir. Həmçinin, burada bu ildən etibarən 30 yerlik yeni yaşayış korpusu istifadəyə verilib. Mərkəzdə eyni vaxtda 98 nəfər, mövsüm ərzində isə 1000 nəfərdən artıq insanın istirahət etməsi üçün hər cür şərait var. AHİK sədri mərkəzin ərazisində salınmış meyvə bağına da baxıb. Bildirilib ki, bağda iqlimə xarakterik olan hər cür meyvə ağacları, o cümlədən, alma, armud, şaftalı, albalı, gilas, badam və s. ağaclar əkilib və istirahət edənlər sərbəst şəkildə meyvələrdən dadırlar.

Baxış zamanı AHİK sədri dəmiryolçuların “Lokomotiv” İstirahət Mərkəzi ilə də tanış olub. Bildirilib ki, burada ziyarətçilərin normal istirahəti üçün hər şərait mövcuddur. AHİK sədri kotteclərə baxıb, mərkəzin ərazisini gəzib, dincələnlərlə söhbətləşib.

Ardınca AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” İstirahət Mərkəzinə gəlib. 2013-cü ildə istifadəyə verilən istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya iki üçmərtəbəli yaşayış korpusları, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər obyektlər daxildir.

Mərkəzdə eyni vaxtda 570-dən artıq şəxs istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir. İstirahət mərkəzinə baxış keçirən AHİK sədri burada yaradılmış şəraitlə tanış olub, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tapşırıb. Səttar Möhbalıyev, həmçinin, bu il istifadəyə verilən 220 yerlik yaşayış korpusuna da baxış keçirib.

Jurnalistlərə müsahibəsində AHİK sədri bildirib ki, ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması, istirahətinin mənalı təşkili Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir:

“Bu məqsədlə ölkədə ildən-ilə sağlamlıq və istirahət mərkəzlərinin sayı artırılır, dövlətimiz tərəfindən insanların rahat şəkildə istirahət etməsi üçün hər cür şərait yaradılır. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar. Belə ki, ittifaq üzvlərinin istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının qorunması və möhkəmləndirilməsi, məzuniyyət dövrünün daha səmərəli və mənalı təşkili üçün əlimizdən gələn hər şeyi edirik. Bu gün ölkəmizin səfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü ailələri ilə birlikdə yollayışlarla təmin edilir, onların normal istirahətləri üçün hər cür şərait yaradılır”.

“Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. Mən, demək olar ki, hər il istirahət mərkəzlərinə, sanatoriyalara baş çəkirəm. Biz istəyirik ki, gələn qonaqlar buradan xoş təəssüratlarla ayrılsınlar, onlar üçün yaradılmış şəraitdən məmnun qalsınlar. Həmçinin, qeyd edim ki, həmkarlar ittifaqlarının istirahət mərkəzlərində yüzlərlə vətəndaşımız daimi və mövsümü işlərlə təmin olunub”, - deyə AHİK sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti