...

Namizədlər Turniri şahmatçılar üçün çox vacib yarışdır - Nicat Abasov

Cəmiyyət Materials 20 Avqust 2023 23:36 (UTC +04:00)
Namizədlər Turniri şahmatçılar üçün çox vacib yarışdır - Nicat Abasov
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Namizədlər Turniri şahmatçılar üçün çox vacib yarışdır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun kişilər bölməsində yarımfinal mərhələsinin ikinci partiyasından sonra deyib.

Xatırladaq ki, şahmatçımız Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun kişilər bölməsində yarımfinalın ikinci oyununda rəqibi Maqnus Karlsenlə (Norveç) heç-heçə edib. Ötən gün N.Abasov ilk partiyada məğlub olub. Maqnus Karlsen - Nicat Abasov matçının ümumi hesabı 1,5-0,5 norveçli şahmatçının xeyrinə olub.

"Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda görüşdə rəqibim hələ ki, bəlli deyil. Bu oyunda əlimdən gələni edəcəyəm ki, kuboku üçüncü pillədə başa vurum", - deyə o bildirib.

Maqnus Karlsen müsahibələrində dəfələrlə bildirib ki, əgər Namizədlər Turniri sistemində dəyişiklik olmazsa, o, iştirakdan imtina edəcək.

Nicat Abasovun sözlərinə görə, buna əsaslanaraq, üçüncü yer uğrunda oyunun nəticəsindən asılı olmayaraq, oyunçular Namizədlər Turnirində iştirak etmək şansı əldə edirlər:

"Ümid edirəm ki, buna ehtiyacım olmayacaq və üçüncü yer uğrunda görüşdə qalib gələcəm. Amma hər halda, Namizədlər Turniri şahmatçılar üçün çox vacib yarışdır və ona vəsiqə əldə etmək çox gözəldir".

Ümumilikdə mundialdakı oyunundan danışan N.Abasov özündən yaxşı nəticə gözlədiyini, lakin yarımfinala yüksələcəyini və keçmiş dünya çempionu ilə oyun keçirəcəyini düşünmədiyini qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və İngilis dillərində yayımlanır. Yarışlar avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti