Bakı. Trend:
Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişiklik edib.
Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, İnsan orqan və (və ya) toxumalarının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər aşağıdakı kimi olacaq:
- gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
- gözün buynuz qişasının idxalı üçün gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd;
- gözün buynuz qişasının ixracı üçün gözün buynuz qişasını qəbul edən tibb müəssisəsinin Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankının olmasını təsdiq edən sənəd.
Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda etdiyi dəyişikliyə əsasən isə, transplantasiya məqsədilə insan orqan və toxumaları idxal və ya ixrac edildikdə gömrük orqanları tərəfindən transplantasiya məqsədilə insan orqan və toxumalarının 2 idxalına və ixracına xüsusi icazə verilməsi barədə Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin qərarının mövcudluğu yoxlanılacaq.