...

Azərbaycanda 5G Strategiyasının hazırlanması üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Cəmiyyət Materials 11 Sentyabr 2023 17:04 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Azərbaycanda “5G Strategiyasının hazırlanması üzrə” İşçi Qrupun növbəti onlayn iclası keçirilib.

Bu barədə Trend-ə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən məlumat verilib.

Bildirilib ki, ilk olaraq iclasda 5G Strategiyasının mündəricatına daxil olacaq əsas mövzular müzakirə olunaraq dəqiqləşdirilib. Daha sonra, 5G üçün müəyyən edilmiş əsas radiotezlik zolaqlarının cari vəziyyəti ilə bağlı təqdimat olub və istifadədə olan radiotezliklərin boşaldılması prosesininin tezləşdirilməsi müzakirə edilib.

İşçi qrupa daxil olan qlobal avadanlıq təchizatçılarının Tənzimləyici qurum və mobil operatorlar ilə öz 5G portfolioları haqqında ətraflı məlumat paylaşmaları məqsədilə ayrı-ayrılıqda seminar (vebinar) keçirmələri məsələsi gündəmə gətirilib və təsdiqlənib.

Həmçinin mobil operatorların 5G şəbəkələrinin qurulması ilə bağlı çətinlikləri, radiotezlik spektri və digər məsələlərlə bağlı təklifləri, Tənzimləyici qurumdan və dövlət orqanlarından gözləntiləri, və s. məsələlərin ətraflı öyrənilməsi üçün təqdimatların hazırlanması və onlarla ayrı-ayrılıqda görüşün təşkil olunması ilə bağlı ilkin razılığa gəlinib.

Bildirilib ki, 5G ekosisteminin kibertəhlükəsizliyinin təmin olunması məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” haqqında işçi qrupun üzvlərinə məlumat verilib və həmin sənəddə Strategiyanın həyata keçirilməsi üçün hazırlanmış tədbirlər planının 5G şəbəkələri üçün əsas götürüləcəyi vurğulanıb.

Görüşün sonunda İşçi Qrupun növbəti görüşünün təxmini vaxtı müəyyən edilib və növbəti görüşə qədər görüləcək işlərin planı razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti