...

Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılır (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 18 Sentyabr 2023 14:41 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün öncə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsünün söküntüsü və ətraf ərazinin yeni körpünün inşası üçün təmizlənməsi işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, hadisə baş verəndən dərhal sonra əraziyə agentliyin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

"Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb.

Qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub.

Vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə müvəqqəti piyada yolunun salınması istiqamətində də işlər aparılır. Gün ərzində bu işlərin yekunlaşması və piyada yolunun istifadəyə verilməsi nəzərdə tutulub.

Sürücülər isə müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər. Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb", - məlumatda deyilir.

xxx

12:10

Xaçmazda Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin inşasına başlanılır.

Trend xəbər verir ki, yeni körpünün inşası üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub.

Hazırda köhnə körpünün qalıqlarının ərazidən daşınması işləri aparılır. Paralel olaraq bu gündən yeni körpünün svaylarının vurulmasına başlanılacaq.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, yeni körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə müvəqqəti piyada körpüsü inşa olunur. Həmin piyada keçidi köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə olacaq.

“Bu barədə qərar verilib. Əraziyə də baxış keçirmişik. Günün sonuna kimi piyadalar üçün çayın hər iki istiqamətinə keçid təmin olunacaq. Bunun üçün, çayın münasib hissəsində suyun boruların içərisindən axması təmin olunacaq. Həmin boruların üzərindən isə piyadalar üçün müvəqqəti yol salınacaq”, - deyə Anar Oruclu bildirib.

Qudyalçay üzərində yeni avtomobil körpüsünün inşasının 2-3 ay ərzində tamamlanması nəzərdə tutulur.

Hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən alternativ yoldan istifadə edirlər. Həmin yolda hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı yol nişanları qoyulub.

Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti