...

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2023 17:34 (UTC +04:00)
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilib.

Festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunub.

O cümlədən sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan kinosunun 125, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileylərinə həsr olunan “Azərbaycan kino musiqisi saatı-125” adlı konsert proqramı təqdim edilib.

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Xalq artisti Ənvər Sadıqovun “Qaytağı” ansamblının iştirakı ilə keçirilən konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Ramil Qasımov (tenor), Gülüstan Əliyeva (xanəndə), İnarə Babayeva (soprano), Lalə Məmmədova (müğənni), solistlər - Kamilə Nəbiyeva (xanəndə), Səbinə Ərəbli (xanəndə), Ülkər Əliyeva (soprano), Amil Həsənoğlu (tenor) və Zamiq Hüseynov (müğənni) ifa ediblər.

Sentyabrın 20-də festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Ruhun tellərində” adlı konsert keçirilib.

Solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayeva (vokal, soprano), Şəhla Əlizadə (arfa) və Şeyda Əliyeva (fleyta) rəngarəng proqram ilə tamaşaçıların qarşısında çıxış ediblər.

22 sentyabr tarixində Kamera və Orqan Musiqisi Zalında pianoçu Zakir Əsədovun solo konserti təşkil olunub. Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Sentyabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib. Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov dirijorluğu altında Azərbaycan Respublikasının Əməkdar artisti Anar Şuşalı (tenor) və Yuliya Kərimova (piano) öz ifalarının təqdim ediblər.

25 sentyabr tarixində Azərbaycan Dövlət Muzey Mərkəzinin Akt zalında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti təşkil olunub. Solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Zǝhra Qurbanova (cello), Nǝzrin Abbaslı (piano), Qǝmǝrxanım Mǝmmǝdova (violin), Raul Hüseynov (gitara), Tunar Vǝlizadǝ (gitara), Nurcan Rzayeva (piano), Sǝbinǝ Hǝsǝnzadǝ (violin), Leyla Hüseynzadǝ (piano), Aytac Kara (violin),Talıb İsgǝndǝrlinin (bariton) ifası və Arzu Səfərova, Nuridǝ Novruzova, Aynur Xǝlilova, Camalǝ Abdinzadənin müşayiəti altında F.Chopin, M.de Falla, A.Piazzolla, Q.Qarayev, T.Quliyev, A.Məlikov, N.Əliverdibəyov, A.Dadaşov, V.Mustafazadǝ, V.Bağırzadə, L.Cǝfǝrovanın əsərləri səsləndirilib.

Sentyabrın 25-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti keçirilib. Orxan Həşimov, Cahangir Qurbanov və Elvin Əliyarovun dirijorluğu altında solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva (vokal), Mübariz Əsgərov (vokal), Tural Nəcəfov (vokal), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev (vokal), Vəli Səfərov (vokal) və Ülvi Əhmədov (piano) öz ifalarının dinləyicilərə təqdim ediblər. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

26 sentyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Darrell Ang (Sinqapur) rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib. Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Sentyabrın 28-də Filarmoniyanın səhnəsində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib. Konsertdə Valentin Egelin (Almaniya) dirijorluğu altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə solistlər - Chloe Kiffer (violin, Fransa), Henri Demarquette (cello, Fransa) və Alexandre Moutouzkine (piano, ABŞ) rəngarəng proqram ilə dinləyicilərin qarşısında çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti