Bakı. Trend:
Azərbaycanda dövlət ehtiyatlarının təyinatı müəyyən olunur.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Layihəyə əsasən, dövlət ehtiyatlarının təyinatı aşağıdakılardır:
- strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığının təmin edilməsi;
- strateji əhəmiyyətli mallar üzrə daxili bazarda qısamüddətli kəskin qiymət artmasının qarşısının alınması;
- fövqəladə, müdafiə və səfərbərlik ehtiyaclarının təmin edilməsi;
- humanitar yardımın təmin edilməsi.
Qeyd edək ki, fövqəladə ehtiyatlar dedikdə fövqəladə hadisələrin qarşısını almaq, onların təsirini aradan qaldırmaq və strateji əhəmiyyətli obyektlərin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri çərçivəsində yaradılan ehtiyatlar başa düşüləcək
Ölkənin istehlak bazarında strateji əhəmiyyətli mallar isə ölkənin bir sıra ərzaq malları ilə, yanacaq materialları ilə, tibb və dərman vasitələri ilə təchizatının dayanıqlığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması məqsədilə monitorinqi aparılan əhalinin gündəlik istehlak etdiyi həyat əhəmiyyətli malların məcmusunu nəzərdə tutur.
Strateji ehtiyatlar isə əhalinin gündəlik istehlak etdiyi həyati əhəmiyyətli malların təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət artmasının qarşısını almaq məqsədilə yaradılan ehtiyatlardır.
Layihədə səfərbərlik ehtiyatları dedikdə müdafiə və səfərbərlik ehtiyaclarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının səfərbərlik hazırlığı çərçivəsində yaradılan ehtiyatları başa düşülür.