Bakı. Trend:
Düz 3 il öncə Azərbaycanda keçirilən Zəfər paradı tariximizin ən şanlı, ən qürurverici səhifələrindən biridir və mən çox xoşbəxt insanam ki, həmin paradın iştirakçılarından biri olmuşam. O anda keçirdiyim hissləri inanın, sözlə təsəvvür edə bilmərəm. Çünki biz bu günü 30 il gözləmişdik, 30 il həmin günün həsrəti ilə yaşamışdıq.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
O qeyd edib ki, Vətən Müharibəsindəki qələbəmiz nə qədər möhtəşəm idisə, Zəfər paradı da həmin qələbəyə layiq şəkildə keçirildi və bütün dünya bu hadisədən danışdı, yazdı, bəhs etdi.
“Təbii ki, qələbəmizin əsas memarı cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz onun müdrikliyi və cəsarəti sayəsində biz bu sevinci yaşadıq, müharibədən qalib ayrıldıq, əzəli torpaqlarımıza qovuşduq.
Doğma Azərbaycanımıza zəfərlər gerçəkdən çox yaraşır və hər kəs əmindir ki, dəyərli Prezidentimiz bizi günbəgün daha böyük qələbələrə doğru aparacaq”, - deyə deputat əlavə edib.