Bakı. Trend:
Dekabrın 18-də ADA Universitetində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin və Ərəbşünaslıq Mərkəzinin dəstəyi ilə "Beynəlxalq Ərəb Dili Günü" keçirilib.
Tədbirdə əvvəlcə müqəddəs Qurani-Kərim tilafəti oxunub. Daha
sonra Azərbaycan və Səudiyyə Ərəbistanının Dövlət himni
səsləndirilib.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə bildirib ki, bu ildən etibarən universitetdə ərəb
dilində dərslərə başlanılıb. Həm tələbələrə, həm diplomatlar üçün
bu dərslər keçirilir:
"Ərəb ölkələri və Azərbaycan arasında əlaqələr getdikcə
genişlənir. Buna görə də bu sahəyə diqqət göstəririk. Biz burada
təkcə ərəb dilində dərslər yox, ərəb mədəniyyətinə də önəm
veririk", - deyə Prorektor İsmayılzadə çıxışına əlavə edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Fatma Yıldırım və
Ceyhun Məmmədov tədbir iştirakçılarının diqqətinə çatdırıblar ki,
ərəb dövlətləri ilə əlaqələrin təməli Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulub. Bu gün isə bu siyasəti Prezident İlham Əliyev
uğurla inkişaf etdirir. Bugün Azərbaycan ərəb ölkələri ilə
əməkdaşlığı bir çox sahədə aparır. İslam Əməkdaşlıq Təşkilatına
üzvlük buna örnəkdir. Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin
inkişafında Prezident İlham Əliyevin şəxsi münasibətləri də təsir
göstərir.
Qeyd edilib ki, bir çox ərəb şirkətləri Azərbaycana investisiya
qoyur. Bu da dostluğumuza bir təkandır. Ərəb dünyası ilə
münasibətlərin gücləndirilməsi respublikamızda ərəb dilinə marağı
daha da artırır.
Tədbirdə Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin
Saleh əl-Cuteyli çıxışı ilə davam edib. O, ərəb dilinin
əhəmiyyətindən bəhs edib. Səfir qeyd edib ki, bu dil İslamın
dilidir, bu dil dünyada geniş yayılmış dildir və dünyada bir
milyarda qədər insan bu dildə danışır. Dil mədəniyyətlər arasında
körpüdür.
Bizim ölkələrimiz arasında mədəniyyət sahəsində dərin bağlar var və
bu bağların, əməkdaşlığımızın daha da güclənəcəyini
gözləyirik".
Daha sonra Ərəbşünaslıq Mərkəzinin hazırladığı videoçarx nümayiş olunub və tədbir tələbələrin çıxışı ilə baş tutan bədii hissə ilə davam edib.