...

Azərbaycan yaşıl dünyaya mühüm töhfə verəcək

Cəmiyyət Materials 30 Dekabr 2023 14:29 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi qlobal ekoloji problemlərin həllinə diqqəti artıraraq birgə səyləri gücləndirəcək.

Trend xəbər verir ki, bu barədə “Alternativ” Kommunikasiya və Tədqiqatlar İB-nin yaydığı açıqlamada qeyd olunur.

Açıqlamada bildirilir ki, “Azərbaycan qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə fəal iştirak edir. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biri kimi müəyyən edilib. Bununla bağlı ətraf mühitin qorunmasına, dayanıqlı enerji mənbələrindən istifadəyə xüsusi diqqət ayrılır. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması nəzərdə tutulur.

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası yaradılır, ekosistem bərpa olunur. Azərbaycan istilik effekti yaradan qazların emissiyalarının azaldılmasını hədəfləyir.

Bu baxımdan, 2024-cü ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” kimi təyin edilməsi Azərbaycanın ətraf mühit məsələlərinə həssas yanaşdığını, ekoloji cəhətdən təmiz gələcəyə yönəlik tədbirləri artıracağını və yaşıl dünyaya mühüm töhfə verəcəyini göstərir.

2024-cü ildə həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçiriləcəyi qərarı ölkəmizin yüksək nüfuzu və qlobal təşəbbüslərdə liderliyinin göstəricisidir. Bu iclaslar beynəlxalq iqlim siyasətinin və sazişlərinin formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün belə bir mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərdə fəal iştirakından xəbər verir.

“Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması və COP29-un Azərbaycanda keçirilməsi bu istiqamətdə ən yaxşı təcrübələri bölüşmək üçün platforma rolunu oynayacaq. Vətəndaş fəallığını səfərbər edərək ətraf mühit üçün ortaq məsuliyyət hissini təşviq edəcək. Qeyri-Hökumət Təşkilatları da bu istiqamətdə fəallıq göstərməli, gündəlik həyatın müxtəlif aspektlərində ekoloji cəhətdən təmiz davranışların mənimsənilməsinə çalışmalı, prosesə öz töhfələrini verməlidirlər.

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi olaraq biz Azərbaycanın ekoloji təşəbbüslərinə və "Yaşıl Dünya üçün Həmrəylik İli" üçün qarşıya qoyulan məqsədlərə dəstəyimizi ifadə edirik. Hesab edirik ki, milli və beynəlxalq səviyyələrdə birgə səylər iqlim dəyişikliyi problemlərinin həlli və gələcək nəsillər üçün ekoloji cəhətdən təmiz, yaşıl gələcəyə nail olmaq üçün vacibdir.
Gəlin, birlikdə yaşıl dünya üçün çalışaq!”

Xəbər lenti

Xəbər lenti