Bakı. Trend:
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli müsahibə verib.
Trend müsahibəni təqdim edir:
- Rafiq müəllim, qış mövsümüinsan orqanizminə, xüsusən də ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə nə kimi təsir edə bilər?
- İstər sağlam insanların, istərsə də xəstələrin orqanizmində
baş verən bütün proseslər və bioritmlər, fəsillərin hamısı
insanların sağlamlığı ilə əlaqəlidirlər. Cavan və sağlam insanlarda
təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər
törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağ ciyər,
sinir sistemi xəstəlikləri olanlar da təsirsiz ötüşmür. Belə ki,
orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların
səhhətində müəyyən problemlər yarana bilər.
Ətraf mühitdə baş verən hadisələrə ən həssası isə mərkəzi sinir və
ürək damar sistemidir. Müşahidələr göstərir ki, xüsusilə qış
mövsümündə adi hal olan surətli (8 m/saniyədən çox) soyuq şimal,
cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik
xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard
infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi
rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödemi
hallarının baş vermə ehtimalı olur.
Qeyd edilən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən
çox baş ağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tez yorulma,
baş gicəllənmə, əzələ, oynaq ağrıları və s. müşahidə olunur.
Məhz buna görə də, sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də
ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar
edirlər.
- Soyuq havada bu halların baş verməsinin səbəbi nədir?
- Burada ilk səbəb - soyuq hava ilə nəfəs almağın, orqanizmin
soyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcə
də hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarında
sıxılma-spazmın baş verməsidir. Məlumdur ki, yüksək qan təzyiqi
olanlarda arterialarda tonus yüksək və sıxılmış olur. Soyuq havada
bunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir.
Başqa bir misal olaraq, ürək əzələsinin (miokardın) bir hissəsini
təmin edən koronar arteriyaların daralması, sinə ağrısı, habelə
stenokardiyanı qeyd etmək istərdim.
Bilmək lazımdır ki, soyuq havalarda qan dövranı yavaşlayır və qanın
laxtalanması sürətlənir.
- Əgər küçədə kimdəsə ürək tutması və ya stenokardiya baş verərsə, bu zaman yardım üçün nə etmək lazımdır?
- Əgər ürək tutma sizin özünüzdə baş verib və stenokardiya
olduğunu bilirsinizsə, dərhal təcili yardıma müraciət etmək
lazımdır. Çox vaxt zəruri tibbi yardım aldıqdan sonra tutmalar
keçir və ya əhəmiyyətli dərəcədə azalır.
Bu halda xəstəni uzatmaq və ayaq hissəni bir qədər yuxarı qaldırmaq
önəmlidir. İlk yardım kimi ürək nahiyəsinə masaj və ağızdan-ağıza
süni tənəffüs vermək lazımdır.
Ürəyin qapalı masajı hər 2 saniyədən bir üst-üstə qoyulmuş əllə döş
qəfəsinin ürək nahiyəsini sıxmaqla aparılır. Ehtiyatla edilən bu
masajda döş qəfəsinin divarının 2-3 sm basılmasına çalışmaq,
qabırğa qırılmasından qorunmaq lazımdır. Bununla paralel olaraq,
süni tənəffüs verməyi də davam etdirmək tövsiyə olunur.
- Ürək-damar xəstəliklərində xəstələnmə və digər hadisələrin baş verməməsi üçün nə etmək lazımdır?
- İlk növbədə meteohəssas insanlar, xüsusilə ürək-damar
xəstələri, yüksək qan təzyiqi, stenokardiyası olanlar, infarkt və
ürək əməliyyatları keçirənlər həkim tərəfindən təyin olunmuş
dərmanların qəbuluna diqqətlə əməl etməlidirlər.
Dəyişkən, soyuq və rütubətli hava günlərində imkan daxilində fiziki
və zehni stressdən uzaq durmalı, mümkün qədər evdə qalmalıdırlar.
Həmişə özləri ilə nitroqliserin, qan təzyiqi əleyhinə təcili kömək
edə bilən dərmanlar, qan durulducular götürməlidirlər. Gün ərzində
soyuq havada çox durmamalı, arterial təzyiqi, qanda şəkəri müntəzəm
ölçməlidirlər. Aritmiya və s. dəyişiklik olarsa, müalicə həkiminə
müraciət etməlidirlər.
Qışda orqanizm tez-tez vitamin çatışmazlığı, xüsusilə soyuq və
şaxtalı günlərdə vitamin D çatışmazlığı ilə qarşılaşır və immunitet
zəifləyir. Soyuq havalarda vitaminlər və minerallar sağlamlığı
qorumağa kömək edər.
Ağır qidalar, qızardılmış ət, spirtli içkilərdən, siqaretdən uzaq
durmaq lazımdır. Maqnit burulğanı gözlənilən günlər həkim məsləhəti
ilə bitki tərkibli sakitləşdiricilər qəbul etmək, nisbətən sakit
havada isti geyinməklə 10-15 dəqiqə həyətdə yüngül gəzintiyə çıxmaq
tövsiyə olunur.
Sonda qeyd edim ki, hər havaya uyğunlaşmaq, onun pis təsirindən
qorunmaq o qədər də çətin deyil. Həkimin tövsiyələrinə əməl etmək
və sağlamlığınıza diqqət yetirmək kifayətdir.