...

Samir Abasovdan “Qarabağ”a: “Əsas heyət deyilsə, Diakabini bizə versinlər”

Cəmiyyət Materials 26 Fevral 2024 09:09 (UTC +04:00)
Samir Abasovdan “Qarabağ”a: “Əsas heyət deyilsə, Diakabini bizə versinlər”

Bakı. Trend:

“Danışılası bir şey yoxdur, məğlub olduq. Uduzduğumuz komandanın gücü bəllidir. Udmaq üçün nəsə etməyə çalışdıq. Hücum xəttində dişsizlik var”.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXIV turunda uduzan “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis “Qarabağ”a 0:2 hesablı məğlubiyyəti şərh edib: “Götür-qoy etsəniz, görəcəksiz ki, müdafiədə o qədər də pis deyilik. Amma bu dediyiniz mənfi göstəricilər "Qarabağ"la oyunlara bağlıdır. Onlardan 13 qol buraxmışıq. Açıq deyim, "Qarabağ"a qarşı oynaya bilmirik. İstədiyimizi meydanda qoymağı bacarmırıq. Futbolçulardan istədiyim o idi ki, hesab nə olursa-olsun, öz dəst-xəttimizi qoruyub-saxlayaq. Hesaba köklənməli deyilik. Bu oyun da böyük hesabla bitə bilərdi. Belə oyunlarla, səhv edə-edə inkişaf edirsən. Oyunumuzun çox hissəsi alınmadı. Məşqdə etdiklərimizi meydanda təkrarlaya bilmədik. "Sabah"a 1:3 hesabı ilə uduzmuşduq. Bu oyuna kimi deyəsən, 1 qol buraxmışdıq. Komandamız intizamlı oynadı. Bizim əsas üstün cəhətimiz də odur. Rəqiblərə çox epizod vermirik. Amma udmaq üçün də nəsə etməliyik. Alınmadı”.

Samir Abasov “Qarabağ”ın ikinci heyətinə məğlubiyyətə izah verib. O, Ağdam klubub bu heyətlə hər bir komandanı udmağa qadir olduğunu bildirib: “Əsas heyət deyəndə ki, gəlin, bunun üzərində durmayaq. Bu doğru deyil axı. Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür. Əsas heyət deyilsə, Diakabini bizə versinlər. Mənim ehtiyat skamyamda əvəzedici heyətdən gələn oyunçular var. "Qarabağ"da əsas heyət hansıdır, hansı əsas heyət deyil? "Qarabağ"ın ikinci heyəti deyirsizsə, onlar hər bir komandanı udmağa qadirdir və bunu etməlidir. Ən azından aldıqları maaşa görə. Düzgün müqayisə deyil”.

“Sumqayıt”ın baş məşqçisi komandanın planlarından da danışıb: “Mövsümün əvvəlində məqsədimiz var ki, çempionatda qalaq. 3-4 tura çempionatda qalmağı həll edərik. Bu yerimizi itirməkdən qorxmağa gəlincə, çalışacağıq ki, buralarda olaq. Çünki əziyyətlə gəlib çıxmışıq. Amma reallıqlar var. Yaxın izləyicilərimiz var. Komandanın qarşısına qoyulan məqsəd nə idisə, onu yerinə yetirməyə çalışacağıq. Ən əsas məqsəd də, yaxşı komanda qurmaqdır. Azərbaycan futbolunda sabah necə olacağını bilmirsən. Hər şey ola bilər. Biz bu gündən danışmalıyıq. Sabah necə olacağını bilmirəm. Bu vaxta qədər gördüyümüz işin uğursuz olduğunu düşünmürəm. Uduzmuşuq və bundan nəticə çıxarmağa çalışacağıq”.

Qeyd edək ki, “Sumqayıt” 36 xalla turnir cədvəlinini 2-ci pilləsində yer alıb.

Xəbər lenti

Xəbər lenti