...

Xocalı məktəbində işlər yekunlaşmaq üzrədir - Emin Əmrullayev

Cəmiyyət Materials 26 Fevral 2024 13:00 (UTC +04:00)
Xocalı məktəbində işlər yekunlaşmaq üzrədir - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı məktəbində son tamamlanma işləri bitir.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"İnanırıq ki, növbəti tədris ilində Xocalı məktəbi işğaldan azad edilən ərazilərdə tədrisə başlayan növbəti məktəblərimizdən olacaq. Təxminən 130-150 şagird orada təhsil ala biləcək. Yerli əhalinin sayına uyğun orada yer olacaq. İşağldan azad edilən ərazilərdə məktəblərdə tikinti-təmir işləri davam edir. Bütün azad edilən ərazilərimizdəki tədris müəssisələrinin uçotu aparılıb. Hər biri Azərbaycan təhsil sisteminə uyğunlaşdırılır. O cümlədən Xankəndi şəhərindəki məktəblər də. Əhali oraya köçdükdən sonra həmin məktəblərdə tədris bərpa olunacaq", - deyə nazir əlavə edib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti