Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Nazirlikdən Trend-ə bildirilib ki, bu proqramların bir istiqaməti olaraq Agentlik:
- Laçın şəhəri və Laçının Zabux, Sus, Bəylik, Giləbird
kəndləri,
- Şuşa şəhəri və Şuşanın Turşsu qəsəbəsi,
- Füzuli şəhəri və Füzulinin Dövlətyarlı kəndi,
- Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri,
- Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri,
- Kəlbəcər şəhəri,
- Xocalı şəhəri və Xocalının Malıbəyli kəndi,
- Xankəndinin Kərkicahan qəsəbəsi,
- Qubadlının Mahruzlu, Zilanlı kəndləri,
- Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri,
- Ağdamın Xıdırlı, Kəngərli,Sarıcalı kəndləri,
- Xocavəndin Xocavənd kəndi
üzrə peşə hazırlığı kursları təşkil edir.
Peşə kurslarına həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər.
Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan kurslarda iştirak etməklə əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və həmin peşələr üzrə işlə təmin olunmaq imkanı qazanılacaq.
Peşə hazırlığı kurslarına:
DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək,
və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçmək olar.
Kursların müddəti 6 aya qədərdir və iştirak ödənişsizdir.
Məlumatda vurğulanıb ki, peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də təşkil ediləcək.