...

Demokratik İslahatlar Partiyası parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yaydı

Cəmiyyət Materials 2 Sentyabr 2024 11:42 (UTC +04:00)
Demokratik İslahatlar Partiyası parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yaydı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

DİP (Demokratik İslahatlar Partiyası) növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb.

Trend xəbər verir ki, partiyanın bəyanatında deyilir:

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər Azərbaycan dövlətçilik tarixində öncəki seçkilərdən kəskin şəkildə fərqləndi. Bundan öncə Milli Məclisə keçirilən seçkilərin heç biri bütün ölkə ərazisini əhatə edə bilməyib. Seçki prosesinin əvvəlindən başlayaraq sona qədər hər bir addım tam qanunauyğun şəkildə yerinə yetirildi və namizədlər üçün münbit demokratik mühitdə azad seçkilər keçirildi.

Seçkidə heç bir maneə ilə rastlaşmadan qeydiyyatdan keçən Demokratik İslahatlar Partiyasının 5 namizədi mübarizə apardı. Seçici imzalarının toplanması, seçicilərlə aktiv təbliğat görüşlərinin keçirilməsi, partiya üzvlərinin müşahidəçi kimi seçki dairələrində qeydiyyatdan keçirilməsi tam sərbəst şəkildə icra olundu. Təbliğat kampaniyası zamanı yaradılan təhlükəsiz mühit seçkilərin demokratik və sərbəst şəkildə keçirilməsinin ilkin qarantı oldu.

Eyni zamanda, seçki kampaniyası dövründə həm ATƏT-in Seçkiləri Müşahidə missiyası, həm də Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası Demokratik İslahatlar Partiyasının qərargahını ziyarət edərək ölkədəki seçki mühiti və partiyanın namizədlərinə yaradılan şəraitlə maraqlanıblar. Partiya sədri Asim Mollazadə onlara partiyanın seçkilərə hazırlıq vəziyyəti, seçkiqabağı təbliğat və təşviqat kampaniyası ilə bağlı məlumat verib. Seçki prosesi ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb.

Demokratik İslahatlar Partiyası ölkə üzrə 9, dairələr və məntəqələr üzrə isə 3360 nəfər müşahidəçi ilə seçki prosesini canlı izlədi. Səsvermə günü beynəlxalq müşahidəçilərlə birgə apardığımız müşahidələr seçkilərin qanunauyğun və azad rəqabət mühitində keçirildiyini sübut etdi. Partiyamız namizədlərin təbliğat və təşviqat kampaniyası üçün yaradılan şəraiti demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirir.

Lakin bəzi seçki məntəqələrində müəyyən namizədlər və onların nümayəndələri tərəfindən seçki prosesinin pozulması cəhdlərinə təəssüfümüzü ifadə edirik. MSK-nın açıqladığı ilkin seçki nəticələrinə və ekzitpolların nəticələrinə əsasən rəqiblərindən daha çox səs toplayan partiyamızın sədri Asim Mollazadə başda olmaqla uğur qazanan digər namizədləri də təbrik edir, bizə etimad göstərən seçicilərə minnətdarlığımızı bildiririk.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti