Füzuli. Trend:
2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər mina qurbanları olub.
Bu barədə Trend-ə ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev məlumat verib.
O qeyd edib ki, bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
"İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşahidə edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsi, uzunmüddətli ağır psixoloji travma almaları ilə nəticələnir.
Əksər hallarda minaların qurbanları mülki əhali olur. 2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - əməliyyat rəhbəri əlavə edib.
Habil Babayev vurğulayıb ki, ANAMA Şərqi Zəngəzur və Qarabağ ərazisində bu günə qədər 161 min hektar ərazidə təmizləmə işləri aparıb. Bu günə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat agentliyin partlayış qrupu tərəfindən yerində zərərsizləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) işğaldan azad olunmuş ərazilərə jurnalistlər üçün mediatur təşkil edib.