Bakı. Trend:
Azərbaycan və Rusiya ali təhsil müəssisələri arasında möhkəm əlaqələr mövcuddur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya-Azərbaycan Elm və Təhsil Forumunda bildirib.
“Ölkəmizdə 26 ali təhsil müəssisəsində 16 mindən çox tələbə rus dilində təhsil alır", - o qeyd edib.
F. Qurbanov vurğulayıb ki, Azərbaycanda 324 məktəb fəaliyyət göstərir, burada 160 min şagird rus dilində təhsil alır. 3 mindən çox məktəbdə isə, ümumilikdə, 800 minə yaxın şagirdə rus dili xarici dil kimi öyrədilir.
"Rus dilinin öyrənilməsi və populyarlaşdırılması məqsədilə hər il məktəblilər arasında Rus dili olimpiadası keçiririk. 2 il əvvəl bu olimpiadada 3 500 nəfər iştirak edirdisə, bu il, Aleksandr Sergeyeviç Puşkinin 225 illiyi və Mirzə Şəfi Vazehin 230 illiyi ilə əlaqədar, iştirakçıların sayı 8,000-dən çox olub. Bu, 2 il ərzində iştirakçıların sayının 2 dəfə artması deməkdir", - o dedi.
Firudin Qurbanov qeyd edib ki, bu gün Azərbaycanın və Rusiyanın ali təhsil müəssisələri arasında sənədlərin imzalanması gözlənilir.
"Bu, çox önəmlidir, çünki müasir şəraitdə elm və təhsilin inkişafı inteqrasiya proseslərindən və universitetlər arasındakı əlaqələrdən asılıdır. Bu, ali təhsil müəssisələrinin fəaliyyətinin effektivliyini artırır, çünki universitetlər hər bir ölkənin sosial-iqtisadi inkişafında əsas rol oynayır. Dövlətin gələcəyi gənclərin təhsil səviyyəsindən və keyfiyyətindən asılıdır", - o əlavə edib.