Bakı. Trend:
Cari ilin oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5304,9 min nəfər olub, onlardan 5021,7 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər, o cümlədən, iqtisadiyyatın dövlət sektorunda 878,3 min nəfər, qeyri-dövlət sektorunda isə 876,6 min nəfər olub.
İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1723,2 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,9 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
Bu ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,8 saat təşkil edib. Oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 216,4 min nəfər olub, onların 46,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 407,9 manat olub.