Bakı. Trend:
“Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabatın hazırlanması üzrə işlərə başlanılıb.
Trend xəbər verir ki, bu barədə AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.
"BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılmışdır", - deyə hesabatda bildirilib.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.
Qəza nəticəsində 39 nəfər həlak olub, 27 nəfər isə yaralanıb və xəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisi həlak olub, daha iki ekipaj üzvü sağ qalıb.