Bakı. Trend:
2023-cü ildə “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi təşkil olunub. 24 layihəyə 485500 manat qrant ayrılıb.
Trend xəbər verir ki, bu məsələ Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycan mövzusunda həyata keçirilən fəaliyyət haqqında (2023-2024-cü illər üzrə) arayışda əks olunub.
Bundan əlavə, 2024-cü il ərzində qrant müsabiqələri çərçivəsində “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusu üzrə 29 qeyri-hökumət təşkilatının təqdim etdiyi layihə qalib elan edilib. Həmin layihələrin maliyyələşməsinə ümumilikdə 374 050 (üç yüz yetmiş dörd min əlli) manat vəsait ayrılıb.
Layihələr çərçivəsində Azərbaycan, Belçika, Türkiyə, Rusiya, Niderland, Özbəkistan kimi ölkələrdə Qərbi Azərbaycanla bağlı müxtəlif tədbirlər təşkil olunub. Filmlər, saytlar, TV verilişlər, kitablar, hesabatlar hazırlanıb. Qərbi azərbaycanlıların soyqırıma, deportasiyalara məruz qalması, soydaşlarımızın hüquqlarının bərpa olunması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılması istiqamətində görülən işlər, Qərbi Azərbaycanda tarixi-mədəni abidələrimizin dağıdılması və s. mövzularla bağlı hazırlanan 3 məqalə ABŞ, Livan, Özbəkistan, İraq, Pakistan, Misir, İordaniya, Türkiyə, Əlcəzair, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Küveyt mediasında dərc olunub.
Agentlik tərəfindən elan edilən 2025-ci il qrant müsabiqəsində də “Qərbi Azərbaycana qayıdış: maddi – mədəni irs və hüquqlar” prioritet mövzulardan biri kimi təqdim edilmiş və bu mövzu üzrə müsabiqəyə layihə təklifləri daxil olunub. 7 mart tarixində açıqlanan siyahı üzrə 51 QHT layihəsi dəstəklənib və bu layihələrə 667 000 manat qrant ayrılması nəzərdə tutulub.