Bakı. Trend:
2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb, həmin müəssisələrdən 46-sı yenidən tikilib, 11-i isə əsaslı təmir edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır.
Eyni zamanda, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsi üzrə Nazirliyə ayrılmış vəsait hesabına 215 təhsil müəssisəsində (11 peşə, 6 kollec, 11 məktəbdənkənar və 187 ümumi təhsil) cari təmir işləri aparılıbr. 48 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb, 113 müəssisədə isə işlər davam edir.
Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2024-cü illər ərzində 4 minədək məktəb binası tikilib və ya əsaslı təmir edilib. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.