Bakı. Trend:
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirallahı rayonunun Pirallahı qəsəbəsində Mətbuat, Sahil və Dostluq küçələrinin əsaslı təmiri aparılır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən küçələr torpaq əsaslı olduğu üçün
gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və
təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu
problem aradan qaldırılacaq.
Hazırda uzunluğu 880 metr olan Dostluq küçəsində torpaq işləri, 850
metr uzunluğunda olan Sahil küçəsində torpaq və asfalt-beton
örtüyünün döşənməsi işləri icra olunur. 435 metr uzunluğa malik
Mətbuat küçəsində isə yeni asfalt örtüyünün döşənməsi işləri son
mərhələdə olmaqla davam etdirilir.
Hər üç küçədə torpaq yatağının eni 8, yolun hərəkət hissəsinin eni
6 metrdir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonuncu mərhələdə
küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili
üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa
uyğun şəkildə icra olunur.