Bakı. Trend:
Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir. 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, 2023-cü illə müqayisədə 18 yaşınadək analar
tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən
1279-a düşüb.
Ölkənin iqtisadi rayonları üzrə 18 yaşadək analar tərəfindən
doğulan uşaqların say cədvəlindən görünür ki, erkən nikah halları
üzrə ən az göstərici Şərqi Zəngəzur iqtisadi rayonu və Abşeron-Xızı
iqtisadi rayonunda, ən çox göstərici isə Mərkəzi Aran iqtisadi
rayonu və Qarabağ iqtisadi rayonunda qeydə alınıb.
Vurğulanıb ki, 14 iqtisadi rayon üzrə 2024-ci ildə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 185 (2023-cü ildə 249) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.
Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 64 (nikah) azalma var.